Şakir İsmayılov:Təkrarolunmaz insan » Memur.az

Şakir İsmayılov:Təkrarolunmaz insan

Şakir İsmayılov:Təkrarolunmaz insan



Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.

Heydər Əliyev – həyatı heç bir təsadüflərdən asılı olmayan, ömrü mübarizə və qələbələrdən, ən xoşbəxt dəqiqələr və sonsuz kədərdən keçən, lakin bütün acılara, mərhumiyyətlərə rəğmən öz məramına ucalan tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Heydər Əliyev müasir müstəqil Azərbaycanın arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə yaradıcı münasibəti onu milli liderdən, rəhbər və siyasi xadimdən bəşəri ideyaların carçısına, ümumbəşəri dəyərləri daim zənginləşdirən hikmət və söz sahibinə çevirmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu öndərin ölməz işıqlı obrazı yaşayır.

Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, ümummilli lider, ulu öndər, müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı kimi qalmışdır və qalacaqdır.

Ulu öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər gördü. Heydər Əliyev millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır.

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” – deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.

Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi üçün bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini – Müstəqil Azərbaycanı əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü.

Azərbaycanı öz siyasi iradəsi və uzaqgörən dövlətçilik təcrübəsi ilə firavan həyata qovuşduran ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümü Bakının Səbail rayonunun ictimaiyyəti tərəfindən də dərin kədər hissi ilə qeyd edilir. Bu münasibətlə rayonumuzda anım tədbirləri keçirilib. Orta məktəblərdə ilk dərs Heydər Əliyevə həsr edilib, müxtəlif ədəbi-bədii kompozisiyalar təşkil olunub, əbədiyaşar liderin zəngin həyatından, görkəmli fəaliyyətindən bəhs edən stendlər hazırlanıb.

Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır.


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılov