“Sabah” Azərbaycanla bağlı yanlışlığa münasibət bildirdi » Memur.az

“Sabah” Azərbaycanla bağlı yanlışlığa münasibət bildirdi

“Sabah” Azərbaycanla bağlı yanlışlığa münasibət bildirdi“Türkiyə hazırda çətin dönəmdədir”.

Türkiyənin “Sabah” qəzetinin saytında Azərbaycanla bağlı məlum məsələyə görə Mətbuat Şurası olaraq Türkiyədə əməkdaşlıq etdiyimiz jurnalist təşkilatları, habelə məşhur jurnalistlərlə əlaqə saxladıq. Onlar hadisənin sırf təsadüf nəticəsində baş verdiyini, məsələnin kökündə hər hansı qərəzin olmadığı bildirdilər.

Memur.Az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

O bildirib ki, baş vermiş hadisə ətraflı şəkildə araşdırılmalıdır.

“Əvvəllər də Türkiyə mediasında Azərbaycanla bağlı belə yanlış məlumatlar verilib. Lakin həmin yanlışlıqlar tez bir zamanda aradan qaldırılıb. Mən son hadisəni Azərbaycana qarşı düşünülmüş təxribat hesab etmirəm.

Lakin Türkiyə hazırda çətin dönəmdədir. Bu, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin də işi ola bilər”, - deyə Ə.Amaşov qeyd edib.

Şura sədri qeyd edib ki, “Sabah” qəzetinin sayındakı xəta heç bir halda Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilməz.

“Çünki Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq əsasında qurulub. Bundan başqa, biz cəmiyyət, media olaraq bu cür məqamlarda, özümüzə qarşı hər hansı ədalətsizlik görəndə daha həssas olmalı, öz haqlarımızı müdafiə etməliyik ki, gələcəkdə bu sayaq hallar olmasın”, - deyə o bildirib.

Qeyd edək ki, Dünya Turizm Forumu çərçivəsində keçirilən və nazirlərin iştirak etdiyi panel haqqda “Sabah” qəzetinin saytında məqalə yayımlanıb. Məqalədəki fotoda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri göstərilib.

Nazirlərin arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələr yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra yanlışlıq aradan qaldırılıb.