Tarix : 19-09-2015, 17:15 | Bölmə: siyaset

Ağalarov ABŞ prezidentliyinə namizəd haqda: “Hələ Eminin klipinə də çəkilib...”

Tikinti maqnatı, ekstravaqant davranışları və ritorikası ilə məşhurlaşan Donald Tramp hazırda ABŞ prezidentliyinə respublikaçı iddiaçılar arasında ən çox reytinqə malikdir.


D.Tramp respublikaçı namizədlərin ikinci teledebatından da qalib çıxıb və belə görünür ki, onun prezident olmasını Rusiyada da çox istəyirlər. Çünki Tramp çıxışlarında bildirir ki, prezident olsa, Rusiya ilə normal münasibətlər quracaq və Putinlə dil tapacaq, həmçinin sanksiyaları ləğv edəcək.

Donald Trampın Rusiyadakı dostlarından biri də azərbaycanlı milyarder Araz Ağalarovdur.

Virtualaz.org saytı xəbər verir ki, “Komsomolskaya pravda” qəzeti Ağalarovun 2013-cü ildə Moskvada keçirdiyi “Kainat gözəli” müsabiqəsinin açılışı zamanı Trampla çəkdirdiyi fotonu “kəşf edərək” iş adamına ABŞ prezidentliyinə əsas iddiaçılardan biri ilə münasibətləri haqda suallar verib.

“Bəli, mən onunla tanışam. 2013-cü ildə keçirilən “Kainat gözəli” müsabiqəsinin açılışına dəvət etmişdim. O da mənim dəvətimi qəbul etmişdi”- Ağalarov deyib.

Azərbaycanlı iş adamı Trampa təmasların indi də davam etdiyini deyib.

“Prinsipcə bizim təmaslarımız var. Cənab Tramp hətta Eminin klipində də çəkilib. Baxa bilərsiniz, bu klip internetdə var”- deyə “Crocus Group” şirkətlər qrupunun sahibi jurnalistə bildirib.

Jurnalist buna təəccübləndiyini gizlətməyib.

“Doğrudanmı?” - deyə“KP” əməkdaşı sual edib.

“Bəli. Eminin cənab Trampla yaxşı münasibətləri var. Mənim də münasibətlərim yaxşıdır. O, çox yaxşı adamdır”- Araz Ağalarov deyib.

Biznesmen onu da bildirib ki, hazırda Trampın başı seçki kampaniyasına qarışdığına görə onunla əlaqə saxlamır: “Ancaq Emin bu yaxınlarda Amerikada onunla görüşüb”.

Bəs Emin Ağalarov Tramp haqda nə danışır?

“Məxsusi heç nə. Hər şey normaldır...”- deyə ata Ağalarov cavab verib.

A.Ağalarov bildirib ki, Tramp Rusiyaya, Putinə normal münasibət bəsləyir. O, Moskvada olanda Rusiya haqda çoxlu müsbət şeylər danışıb: “Rusiya onun çox xoşuna gəlir. Müsahibələrində deyir ki, prezident olsa mütləq nəzərə alacaq ki, Rusiyada dostları var”.

Oxşar xəbərlər