Yaxın günlərdə Azərbaycanda istiqrazlar çıxacaq » Memur.az

Yaxın günlərdə Azərbaycanda istiqrazlar çıxacaq

Yaxın günlərdə Azərbaycanda istiqrazlar çıxacaq"Hökumət və Mərkəzi Bank tərəfindən valyuta bazarındakı ajiotajı aradan qaldırmaq və manata olan hörməti bərpa etmək üçün tədbirlər görür". Memur.Az musavat.com-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ANS-in "Hesabat" proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, çox yaxın günlərdə bazara istiqrazlar təqdim olunacaq: "Bunlar manat istiqrazlarıdır. Bu istiqrazlar üzrə yüksək faiz ödəyəcəyik. Mən vətəndaşları dəvət edirəm ki, evdə yastıqlarının altında saxladıqları manatları bu istiqrazlara qoysunlar. Biz yüksək faiz ödəyəcəyik. Bu faizlər inflyasiyandan bir qədər yuxarı olacaq. İnflyasiya 10 faizdirsə, biz 11-12 faiz verəcəyik".

Samir Şərifov deyib ki, Maliyyə Nazirliyi bazara xarici valyutada da istiqrazlar çıxarmağı planlaşdırır. Bu istiqrazlar daxili bazar üçün nəzərdə tutulacaq. Onun sözlərinə görə, hazırda ölkədə böyük həcmdə xarici valyuta var: "Bu xarici valyuta işləmir, sahiblərinə xeyir gətirmir. Biz elə etməliyik ki, bu xarici valyuta işləsin. Amma xarici valyutaya elə böyük faiz verməyəcəyik. Biz, Azərbaycan dövləti deyir ki, dollarlarınızı faizlə verin bizə. Biz sizə yüksək faiz verən deyilik. Biz istəyirik ki, pullar işləsin. Xarici valyutada olan istiqrazlara aşağı faiz təklif edəcəyik. Hesab edirəm ki, bu, təxminən 3 faiz olacaq. Niyə? Çünki biz banklarda xarici valyutada olan depozitlərin qaçmasını istəmirik. Aşağı faiz verə bilərik. Onda əhali seçəcək ki, neyləsin. Öz xarici valyutasını işləməyə-işləməyə evdə saxlasın, bütün riskləri üzərinə götürsün. Bu, riskdir. Böyük həcmdə pulu evdə saxlamaq risklidir - oğru gələr, yanğın baş verə bilər... Ona görə də fikirləşsinlər ki, bu ajiotaja niyə qoşulublar. Cibdəki sonuncu manat əskinası xarici valyutaya dəyişmək lazım deyil".