Suriya türkmənlərinin lideri: “Havadan Rusiya, qurudan İran vurur” – Eksklüziv müsahibə » Memur.az

Suriya türkmənlərinin lideri: “Havadan Rusiya, qurudan İran vurur” – Eksklüziv müsahibə

Suriya türkmənlərinin lideri: “Havadan Rusiya, qurudan İran vurur” – Eksklüziv müsahibə

Suriya Türkmən Məclisi başqanı Abdurrahman Mustafanın Memur.Az-a müsahibəsi:

- Abdurrahman bəy, Suriya türkmənləri ilə bağlı üzücü xəbərlər alırıq. Hazırda vəziyyət necədir?

- Rusiyaya məxsus təyyarələr cümə axşamı Bayır Bucaq bölgəsinə görünməmiş bir hava hücumu təşkil etdi. Orada çox böyük itki verdik.

Bir çox mülki insanlarımız köç etmək məcburiyyətində qaldı. Əsədi dəstəkləyən Rusiyaya məxsus təyyarələr türkmənləri bombalayarkən, qurudan da Əsədə İranın "Hizbullah"ı dəstək verirdi. Amma bütün bunlara baxmayaraq, bizim oradakı igid gənclərimiz II Sahil Diviziyası Çatısı altındakı birliklərimiz müdhiş bir müqavimət göstərir. Orada min ildir yaşayan insanlarımız mübarizəyə inanır. Bizi asanlıqla diz çökdürüb, ata bilməzlər.

Təbii burada bir mütənasib güc yoxdur. Qarşımızda dünyanın bir super gücü vardır. Təəssüf ki, bu da Yaxın Şərqdəki və Suriyadakı, böyük oyunların bir parçasıdır.

- Əsəd rejiminin Rusiya və İranla bərabər türkmənləri hədəfə almasında məqsəd nədir?

- Rusiyanın məqsədi bölgədəki və xüsusilə də Suriyadakı maraqlarını qorumaqdır. Bilirsiniz ki, 2016-cı ildən etibarən siyasi səhnədə masa arxasında danışıqlar olacaq. Rusiya Əsədə dəstək verərək masadakı əlini gücləndirməyə çalışır. Rusiyanın Aralıq dənizindəki hədəfi 100 illik bir layihəyə hədəflənib.

- Bəs türkmən döyüşçüləri öz torpaqlarını qorumaq gücünə sahibdirlərmi? Türkiyənin dəstəyini necə qiymətləndirirsiniz?

- İgidlərimiz, bölgədəki II Sahil Diviziyası birliyi müqavimət göstərir. Son nəfərimiz qalana qədər müqavimət göstərməyə qərarlıyıq. Bizim tək dəstəkçimiz Türkiyədir. Maddi, mənəvi, bir sözlə, hər mənada tək dəstəyimiz Türkiyə Respublikasıdır.

Biz onsuz da Suriya Türkmən Məclisi olaraq həftənin 7 günü, 24 saat bütün təşkilatlarla əlaqə saxlayırıq. Baş nazirlik, Xarici İşlər Nazirliyi, yəni bütün qurumlarla birlikdə çalışırıq. Bütün tələblərimizi çatdırmışıq, çatdırmaqda davam edirik. Allah Türkiyədən razı olsun.

- Son günlərin qanlı olaylarında nə qədər itkiləriniz var?

- Çox sayda şəhidimiz və 150 nəfərdən artıq yaralımız var.

- Hadisələrin inkişafını necə görürsünüz? Dünya birliyi, türkdilli dövlətlərin susqunluğu Suriya türkmənlərinin öz torpaqlarından məhrum olması ilə nəticələnə bilərmi?

- Bayırbucak türkmən bölgəsinə hücumların üç məqsədi var. Hər şeydən əvvəl Aralıq dənizinə uzanacaq kürd dəhlizini açma hədəfi var.
Əsəd də razılaşmaya gedərsə, özünə Nusayri Ələvi dövləti qura biləcək torpaqları genişləndirmək istəyir. Bunlarla bərabər hücumlarla Türkiyəni narahat etmək üçün də səylər göstərir.

Türkmənlərə yardım edən tək güc Türkiyədir. Bilirsiniz ki, Kobanidəki hadisələr bütün dünyanın gündəmində idi. Dünya PYD və YPG üçün bütünlüklə səfərbər oldu. Türkiyə, Türk xalqından və Türk dünyasından olan jurnalist qardaşlarımızdan başqa kimsədən səs çıxmır.
Son olaraq demək istəyirəm, biz bu torpaqlarda min ildir varıq, Allahın izni ilə qiyamətə qədər bizi torpaqlarımızdan kimsə ayıra bilməyəcək.

Sona qədər müqavimət göstərəcəyik. Planlar çox böyükdür, amma bizim davamıza olan inancımız ilə kimsə yarışa bilməz. İgid əsgərimiz də, xalqımız da, biz siyasətçilər də hamımız bu iddiaya inandıq. Türk üçün torpağı namusdur. Biz toprağımızı namusumuz bilərik, sonuna qədər mübarizəyə davam edəcəyik.