Leyla Abbasova: Təcrübə toplamaq və təhsili davam etdirmək lazımdır – MÜSAHİBƏ » Memur.az

Leyla Abbasova: Təcrübə toplamaq və təhsili davam etdirmək lazımdır – MÜSAHİBƏ

Leyla Abbasova: Təcrübə toplamaq və təhsili davam etdirmək lazımdır – MÜSAHİBƏ


“Əsas çalışqanlıq, möhkəm iradə və məqsədyönlülükdür”.

Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvü Leyla Abbasovadır.

- Leyla xanım, Sizi AUKAA-nın üzvlərindən saymaq olar?

- Bəli. Mənim AUKAA-ya üzv olmağım keçən ilin payızına təsadüf edir və təşkilatla tanışlığım da sosial şəbəkə vasitəsi ilə olub. Öz Facebook səhifəmi yoxlayarkən bir xəbər ilə rastlaşdım ki, keçən ilin payızında London universitetlərinin birində Ermənistan Gənclər Federasiyasının köməyi ilə qondarma “Dağlıq Qarabağ” fəalları “Artsakh 360” adlı tədbir keçirilmişdir. Əksəriyyəti ermənilərdən ibarət olan bu tədbirdə AUKAA-nin bir neçə üzvü də iştirak edərək orada deyilənlərlə razı olmayıb, ölkəmizə edilən haqsızlıqları onların nəzərinə çatdırmışdılar.



Bizim gənclərin ölkəmizi xaricdə müdafiə etməyi məndə rəğbət hissi yaratdı və şərh olaraq mən də həmin xəbərlə bağlı Facebook-da öz fikrimi bildirdim. Polemika nəticəsində isə aydın oldu ki, həmin gənclərdən biri AUKAA-nın o dönəm sədri Ramiz Babayev idi. Onun vasitəsi ilə də təşkilatla tanışlığım baş tutdu.

- İngiltərədə hansı ixtisas üzrə təhsil almısınız?

- İstərdim öncə ilk təhsilimdən başlayım. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişəm. Lakin sevdiyim sənət mühasibatlıq olduğundan iqtisadçı kimi deyil, məhz mühasib kimi çalışmışam. Elə hal-hazırda da “PASHA İnşaat” MMC-də mühasib vəzifəsində işləyirəm.

Ümumiyyətlə, mənim çalışdığım sahə daim yenilənən və inkişafda olan sahə olduğundan öz biliklərimi təkmilləşdirmək üçün 2013-2014-cü illərdə Mühasibatlıq və Maliyyə İdarəetməsi üzrə Essex Universitetində magistr pilləsini bitirdim. Onu da qeyd edim ki, orada təhsil sistemini, müəllim-tələbə münasibətlərini, tələbəlik həyatını və yaşam tərzini o qədər bəyəndim ki, hətta doktorantura pilləsi üzrə təhsilimi davam etdirmək haqqında da düşünürəm. Sadəcə qayıtdıqdan sonra müəyyən işlər var ki, onlarla məşğulam və ona görə bu planı müəyyən müddətə təxirə salmışam. Hesab edirəm ki, təcrübə toplamaq lazımdır və daha sonra təhsili davam etdirmək olar.

- Bildirdiniz ki, İngiltərədə həyat tərzini çox bəyəndiniz. Bəyəndiyiniz hansı əsas məqamları qeyd edə bilərsiniz?

- İngiltərədə təhsil almağı ona görə seçdim ki, London dünyanın aparıcı maliyyə mərkəzlərindən biri sayılır. Düşündüm ki, maliyyə sahəsi üzrə biliklərimi məhz orada zənginləşdirə bilərəm. Bundan əlavə İngiltərə mənim çox bəyəndiyim və xoşladığım bir ölkədir. Təhsil almazdan əvvəl bir neçə dəfə turist kimi orada olmuşam. Sizə İngiltərə həyatının məndə yaratdığı yaxşı təəssüratlara səbəb olan kiçik bir hadisəni danışmaq istərdim.



- Buyurun.

- Bir gün təhsil aldığım Kolçestr (Colchester) şəhərindən qatarla Londona gedirdim. Getdiyim vaqonda təxminən 15-20 nəfər olardı və stansiyaların birində 3-4 yaşında balaca bir qız anası ilə qatara mindilər. Bütün yol boyu balaca ağlayırdı, nadinclik edirdi və təbii olaraq ətrafdakıları narahat edirdi. Artıq Londona yaxınlaşarkən gördüm ki, həmin ana qızının əlindən tutaraq biz sərnişinlərə yaxınlaşıb verdiyi narahatlığa görə qızına üzr istətdirirdi və uşağa etdiyi hərəkətin düzgün olmadığını izah edirdi.

Ətrafdakılara narahatçılıq törədildiyi üçün ananın məsuliyyət keçirməsi normaldır, lakin 3-4 yaşlı balaca qıza bu məsuliyyəti aşılaması məni heyran etdi. Deyərdim ki, bu yanaşma böyük mədəniyyət dərsidir.

- Bəs universitet həyatı, təhsilinizlə bağlı çətinlik yaşamadınız? Nəzərə alsaq ki, bizim təhsil sistemlərimiz fərqlidir...

- Düşünürəm ki, təhsil sistemlərimiz fərqli olsa da əgər tələbə qarşısına məqsəd qoyubsa, bütün çətinliklərə baxmayaraq oxuyacaq və təhsilini yekunlaşdıracaq. Bundan savayı xasiyyətimdə yarımçılıq olmadığından əgər bir problemlə rastlaşsaydım da iradəm və məqsədyönlülüyüm üstün gələrdi.

- Qayıtdıqdan sonra adaptasiya problemi yaşamadınızmı? Bizim həm də həyat tərzimiz İngiltərədən çox fərqlidir.

- Müəyyən qədər problem oldu. Lakin ailəm, buradakı dostlarım, yaratdığım kiçik ünsiyyət mühiti adaptasiya prosesini sürətləndirdi.

- Xaricdə aldığınız təhsili işinizdə necə tətbiq edirsiniz?

- Hazırda praktikada beynəlxalq maliyyə standartlarının tətbiq olunması prosesi gedir. Bir çox ölkələr bu standartları qəbul edib. Biz də bu prosesin içindəyik.



Hazırladığımız maliyyə hesabatları həmin standartlar üzərində qurulur. Və bu sahə üzrə aldığım təhsil mənə çox kömək olur.

- Leyla xanım, qarşıdakı hədəfləriniz nədən ibarətdir?

- Qarşımdakı əsas hədəf öz sahəmdə təcrübə qazanmaqdır. Həmçinin ACCA (The Association of Chartered Cerrtified Accountants) deyilən maliyyə uçotu üzrə beynəlxalq assosiasiyanın üzvü olmaq üçün ACCA imtahanlarını verməyə hazırlaşıram. Bu həm də ixtisasartırma imtahanı sayıla bilər. Əsas hədəflər bunlardır. Hesab edirəm ki, insanın nailiyyət əldə etməsi üçün əsas çalışqanlıq, möhkəm iradə və məqsədyönlülükdür.