Elvin Aslanov: Gənclər bu günün reallığıdır – MÜSAHİBƏ » Memur.az

Elvin Aslanov: Gənclər bu günün reallığıdır – MÜSAHİBƏ

Elvin Aslanov: Gənclər bu günün reallığıdır – MÜSAHİBƏ

“Gənclər ölkəmizdəki inkişafı, reallaşdırılan layihələri görür və dəyərləndirirlər”.

Memur.az Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovun parlament seçkilərinə həsr olunmuş müsahibəsini təqdim edir.

- Gənclərimizin ölkəmizdə keçirilən seçki prosesində iştirakını ümumilikdə necə qiymətləndirirsiz?

- 1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri gənclərimizin düzgün qərar qəbul etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu gün Azərbaycan gəncləri öz seçimində yanılmırlar. Çünki, onlar vəziyyəti düzgün qiymətləndirir, ağı qaradan seçə bilirlər.

Gənclər ölkəmizdəki inkişafı, reallaşdırılan layihələri görür və dəyərləndirirlər. Bu gün ölkə gəncliyi seçkilərə yalnız seçici kimi qoşulmurlar. Onlar öz potensiallarına, demokratik seçki mühitinin onlara verdiyi imkanlara arxalanaraq, seçkilərdə müşahidəçi, namizəd vəkili və ya nümayəndəsi, habelə namizəd kimi iştirak edirlər. Müşahidələr deməyə əsas verir ki, ildən-ilə gənclərin seçkilərdə iştirak və fəallıq göstəriciləri durmadan yüksəlir.

Biz hər zaman gənclərin cəmiyyətdə gedən proseslərin lokomotivi olduğunu tez-tez səsləndiririk. Amma, fərqinə varmalıyıq ki, gənclər, həmçinin, bu günün ortaqları, bu günün reallığıdır. Gəncləri cəmiyyətimizdə hər hansı prosesdən kənarda təsəvvür etmək olmaz. Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, gənclər artıq cəmiyyətimizdə qərar qəbulu prosesinin və bu qərarların icra prosesinin aktiv iştirakçılarıdır.

Danılmaz faktdır ki, azad və demokratik seçkilərin keçirilməsi və belə seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Çox sevindirici haldır ki, məhz gənclər də cəmiyyətimizin hər bir üzvü kimi öz konstitusion hüquqları olan seçmək və seçilmək hüquqlarından istifadə edirlər.

Milli Məclisə və bələdiyyələrə keçirilən seçkilərdə iştirak üçün, habelə namizəd olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş senzi gənclərin böyük bir hissəsinə seçilmək hüququndan faydalanmağa şərait yaradır. Bunu son dövrlərdə Milli Məclisə və bələdiyyələrə keçirilən seçkilərdə namizədlərin və seçkinin qalibləri arasında gənclərin sayının artması aydın göstərir. Gənclər yerli idarəetmədə aktiv iştirak etməklə yanaşı, ali qanunverici orqan olan Milli Məclisdə də gənclərin maraqlarının qorunması üçün öz namizədliklərini irəli sürür və ya dəstəklədikləri namizədlərin təbliğat-təşviqat işi ilə yaxından məşğul olurlar.

Bir neçə gündən sonra Azərbaycanda böyük siyasi hadisənin – Milli Məclisə seçkilərin şahidi olacayıq. Artıq seçkilərin mütəşəkkil, azad və ədalətli, demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlardan istifadə olunmuş, zəruri tədbirlər həyata keçirilmişdir. Hazırda namizədlər rahat şəkildə öz təbliğat kampaniyalarını davam etdirirlər.

- Müxtəlif namizədlərin təbliğat-təşviqat kampaniyasında gənclərin iştirakını necə dəyərləndirirsiz?

- Təsadüfi deyil ki, seçkilərdə müxtəlif namizədlərin apardığı təbliğat-təşviqat kampaniyasının əsas aparıcı qüvvəsi də məhz gənclərdən ibarətdir. Gənclər ölkəmizin gələcəyinin təminatçısı olan azad, demokratik və stabil cəmiyyətin qurulması üçün əlindən gələni edirlər. Bundan başqa Azərbaycanda olan tam azad internetin verdiyi imkanlar gənclərin seçki prosesində öz namizədlərini dəstəkləmə, seçki ilə bağlı müxtəlif diskussiyaların aparılması baxımından əvəzsizdir.

Gənclərimiz bu seçkidə də çox fəaldırlar. Namizədlərin əksəriyyətinin seçki kampaniyasının aparıcı qüvvəsi gənclərdir. Mən gənclərin təbliğat kampaniyalarına qoşulmalarını müsbət addım hesab edirəm. Gənclər könüllü olaraq bu prosesə qoşulmaqla yanaşı, həm də demokratik seçki təcrübəsi qazanırlar. Onlar gələcəkdə müxtəlif seçkilərdə namizəd olmaq istəsələr, bu seçkilərdə qazandıqları təcrübələr onlara çox böyük kömək olacaqdır.

Gənclər təbliğat kampaniyalarının ədalətli, mədəni şəkildə keçirilməsində də çox böyük rol oynayırlar. Onlar ölkəmizdə mədəni seçki mühitinin formalaşmasında əvəzsiz rol oynamaqla yanaşı demokratik cəmiyyətimizin qurulmasında iştirak edirlər. Əminəm ki, bu il keçiriləcək Parlament seçkiləri gənclərin aktivliyi baxımından digərlərindən çox fərqlənəcəkdir.

Təbiidir ki, seçkilərin düzgün və uğurlu keçirilməsi baxımından gənclərin müxtəlif məqsədlər əsasında birləşdikləri gənclər təşkilatlarının da üzərinə çox böyük iş düşür. İlk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması, seçki yaddaş kitabçalarının çapı, seçkilərin müşahidəsi işinin təşkili və s. gənclər təşkilatlarımızın bu məqamda əsas fəaliyyətlərindən ola bilər.

- Parlament seçkiləri ilə bağlı müxtəlif beynəlxalq qurumların verdikləri bəyanatlarla bağlı nə düşünürsüz?

- Ümummilli lider Heydər Əliyev “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” kəlamını söyləmişdir. Məhz gənclərimiz də ölkəmizdə keçirilən seçki prosesində aktiv iştirak etməklə ölkəmizin gələcəyinin qurulmasında öz töhfələrini verirlər. Gənclər bəzi xarici siyasi dairələrin və siyasi institutların Azərbaycana qarşı qərəzli mövqeyi və bu mövqeyin arxasında duran dövlətçiliyimizə qarşı təxribat cəhdlərini yaxşı anlayırlar. Mən əminəm ki, belə cəhdlərin qarşısını cənab Prezidentin inamlı mövqeyi və dəstəyi sayəsində biz gənclər alacayıq.