Fariz Cəfərov: “İcazə sistemi kölgə iqtisadiyyatı ilə mübarizəyə təkan verdi” » Memur.az

Fariz Cəfərov: “İcazə sistemi kölgə iqtisadiyyatı ilə mübarizəyə təkan verdi”

Fariz Cəfərov: “İcazə sistemi kölgə iqtisadiyyatı ilə mübarizəyə təkan verdi”“Son üç ay ərzində əmək müqaviləsinə dair məlumatlar təxminən 41 minə yaxın olub. Lakin son 10 gün ərzində təşkilatlar tərəfindən 57 minə yaxın əmək müqaviləsi imzalanıb”.

Memur.Az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” TV-nin efirində deyib.

O bildirib ki, icaze.e-gov.az portalı kölgə iqtisadiyyatı ilə mübarizədə dövlətin siyasətinə təkan verib:

“Təşkilatlar icazə almaq üçün artıq əməkdaşları ilə rəsmi müqavilə bağlayırlar. Aprelin 3-dən fəaliyyətə başlayan icaze.e-gov.az portalında icazə almaq üçün 57 minə yaxın müqavilə qeydiyyatdan keçib. Artıq imzalanan müqavilələrin 87 faizi əmək müqaviləsi üzərindəndir. Bir sıra müqavilələr var ki, onları geri göndərmişik. Qanunvericiliyin normalarına uyğun olaraq, onların statusunun təyin edilməsi istiqamətində yoxlamalar aparılır.

Bu sistem onu göstərir ki, artıq dövlət siyasətinə uyğun olaraq, əmək müqavilələrinin rəsmiləşdirilməsinə başlanılıb. Cəza sisteminin müsbət tərəflərindən biri də budur. Bununla yanaşı, “Asan imza”dan, “Elektron imza”dan istifadə halları kifayət qədər artıb”.