Baba Rzayevin sağ əli «Azərişıq»da külli ixtiyar sahibinə çevrilib » Memur.az

Baba Rzayevin sağ əli «Azərişıq»da külli ixtiyar sahibinə çevrilib

Baba Rzayevin sağ əli «Azərişıq»da külli ixtiyar sahibinə çevrilibASC sədri tikinti layihələrini, kadr məsələlərini, avadanlıqların alınmasını Əli müəllimə həvalə edib 2006-2015-ci illər ərzində «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışmış, hazırda isə «Azərişıq» ASC-nin sədri postunda təmsil olunan Baba Rzayev bu gün ölkənin elektrik təminatını, eləcə də elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrası tam şəkildə öz nəzarətində saxlayır. Uzun müddətdir ki, fəaliyyət göstərən və artıq inhisarçıya çevrilmiş «Santral Elektrik LTD» şirkətinin səhmlərinin böyük bir hissəsinin «Azərişıq» ASC-nin sədrinə, yerdə qalanının isə onun həyat yoldaşı Nərminə Həsənovaya məxsus olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Baba Rzayev nədənsə özünün əsl adını gizlətməyə çalışır. Belə ki, sözügedən qurumun rəhbərinin əsl adının Balababa Rzayev olduğunu qeyd edən mənbə bildirir ki, onun sahibi olduğu şirkət təxminən, 13 il bundan əvvəl rəsmi qaydada qeydiyyata alınıb və elə həmin gündən etibarən ölkə ərazisində elektrik məhsullarının satışını inhisara alıb: «Baba Rzayev əlaqilərini işə salaraq «Santral Elektrik LTD» şirkətini qısa müddət ərzində monopolist mövqeyə gətirib. Belə ki, fəaliyyətə başladığı ilk illərdə adıçəkilən LTD digər şirkətləri sıxışdırmağa, müxtəlif yollarla onları bazardan çıxarmağa başladı və sonda bu işi tamamlamış oldu. Bu gün artıq sözügedən sahə demək olar ki, tamamilə «Santral Elektrik LTD»nin nəzarətindədir və elə buna görə də şirkət qiymətləri özü istədiyi formada tənzimləyir. Nəzərinizə çatdırım ki, ilk əvvəl şirkətə Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edib. Lakin bir müddət sonra o, qardaşının yerinə qaynı İlham Həsənovu təyin edib. Həmin gündən etibarən qardaşı ilə onun arasında ciddi narazılıqlar yaranmağa başlayıb». «Azərişıq» ASC-nin sədrinin sahib olduğu biznesin təxminən, 10 il öncə əhatə dairəsini genişləndirməyə başladığını deyən məlumatlı şəxsin sözlərinə görə, Baba Rzayev «Santral Elektrik LTD»nin əsasını türkiyəli tərəfdaşı ilə birlikdə qoyub: «Lakin sonralar türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. Bundan sonra Baba Rzayev bütün diqqətini biznesinin genişləndirilməsinə yönəldib və bir sıra yollarala baş vurmaqla dövlət sifarişlərinin icrasının «Santral Elektrik LTD»yə həvalə olunmasına nail olub. Deyilənlərə görə, bu gün də «Azərişıq» ASC-nin sifarişləri məhz «Santral Elektrik LTD» tərəfindən həyata keçirilir. Bu işdə isə Baba Rzayevə onun «Azərişıq»dakı ən yaxın adamı, sağ əli, etibarlı kadrı hesab olunan Əli müəllim yaxından köməklik göstərir. Belə ki, həmin şəxs elan olunan tenderlərin ASC sədrinin nəzarətində olan şirkətlərə həvalə olunmasına, eyni zamanda ölkə üzrə tikinti layihələri, kadr məsələləri, avadanlıqların alınması, yararsız avadanlıqların isə istifadədən çıxarılması kimi önəmli məsələlərə rəhbərlik edir. Bir sözlə, bu gün «Azərişıq» ASC-də külli ixtiyar sahibinə çevrilib. Maraqlı məqam ondadır ki, büdcədən maliyyələşən sifarişləri həyata keçirən «Göknur Bakı LTD», «GBS» MMC şirkətləri «Santral Elektrik LTD» ilə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Baba Rzayevin ən yaxın adamlarıdır. Bildirilir ki, bu şirkətlər birbaşa Əli müəllimin vasitəsi ilə dövlət sifarişlərini əldə etməyə müvəffəq olurlar». «Azərişıq» ASC-nin sədrinin Əli müəllimi ciddi cəhdlə müdafiə etdiyini vurğulayan mənbə qeyd edir ki, o, Baba Rzayev üçün kifayət qədər dəyərli birisidir: «Çünki Baba Rzayev məhz onun sayəsində son dövrlər külli miqdarda gəlir əldə edib, biznesinin çiçəklənməsinə nail olub. Buna görə də «Azərişıq» ASC-nin sədri sağ əli hesab etdiyi şəxsi bütün mümkün təhlükələrdən sığortalayır, eyni zamanda rəhbərlik etdiyi qurum daxilində ona müstəsna səlahiyyətlər verib. İş o yerə çatıb ki, vəzifəcə Əli müəllimdən yüksək olan şəxslər belə, ona itaət etmək zorundadırlar. Əks halda, onlar Baba Rzayevin qəzəbi ilə üzləşə bilərlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (Gundelik-Baku.com)