Siqaret üçüncü dəfə bahalaşdı » Memur.az

Siqaret üçüncü dəfə bahalaşdı

Siqaret üçüncü dəfə bahalaşdıYanvarın 8-dən Azərbaycandakı bütün siqaretlərin qiyməti qalxıb. Artım hər bir siqaretdə təqribən 50 qəpik civarındadır. Xatırladaq ki, ötən il dekabrın 21-də Azərbaycanda son devalvasiyadan sonra bütün siqaretlərin qiyməti təqribən 50 faiz artmışdı. Məsələn, Azərbaycanda kasıb təbəqənin ən çox çəkdiyi "West" siqaretinin bir qutusunun qiyməti 1 manat 50 qəpikdən 2 manat 20 qəpiyə qalxmışdı. Onda Azərbaycan Mərkəzi Bankı manatın ABŞ dolları qarşısında təqribən 47 faiz dəyər itirdiyini açıqlamışdı.
Memur.Az azadliq.org-a istinadən bildirir ki, satıcılar qiymət artımına səbəb kimi dolların manata nisbətdə kəskin şəkildə bahalaşmasını və bu ilin yanvarın 1-dən etibarən ölkədə bir sıra yeni qanun və qaydalar qüvvəyə minməsini göstərdilər. Belə ki, Vergi Məcəlləsinə və "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları"na edilən əlavə və dəyişikliklərə əsasən spirtli içkilərin və tütün məmulatlarının satışı plastik kartla həyata keçirilib.

"Açığı siqaret və spirtli içkilərin qiymətində bir neçə dəfəyədək bahalaşma 2015-ci ilin elə əvvəlindən gözlənilirdi. Belə ki, ötən il Milli Məclisdə bu məhsullara tətbiq olunan aksiz dərəcələri yüksəldildi. Dəyişikliyə görə spirtli içkilərin ayrı-ayrı növləri və tütün məmulatları üzrə tutulan aksiz vergisinin dərəcələri artırıldı. Həmin zaman deputatlar bu artımı dəstəklədilər və dedilər ki, bəzi vətəndaşlar qiymətlərin qalxmasından sonra bu zərərli vərdişləri tərk edəcəklər. Biz firmalarla əlaqə saxladıq, bizə bildirdilər ki, siqaretin son bahalaşmasına səbəb dolların sürətlə bahalaşması və tütün məmulatlarının xaricdən dollarla alınması ilə bağlıdır"-deyə satıcı Əli bildirdi. Onun sözlərinə görə, qanun və qaydalara edilən dəyişikliklərdən sonra spirtli içkilərin və tütün məmulatlarının istehsalı və satışı şəffaf qaydada həyata keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi tütün məmulatlarının yenidən bahalaşmasına münasibət bildirib. "Tütün məmulatlarının qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısına daxil deyil. Siqaretin qiyməti bazarda tələb və təklif əsasında formalaşır. Bununla belə, nazirlik istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirlərini davam etdirir",-deyə nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

Siqaretin qiyməti təzədən niyə artır?

İqtisadçılar bunu bir neçə səbəblə izah edirlər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, Azərbaycandakı topdansatış məntəqələri inhisardadır. Onlar istədikləri kimi "qiymət oyunu" oynaya bilirlər: "İkincisi isə Azərbaycanda bəzi iş adamları xaricdən malı əvvəlcə nisyə alıb, malı satıb, sonra pulunu ödəyirlər. Onlar malı manata satıblar. İndi isə həmin pulu dollara çevirib borclarını qaytarmalıdırlar. İndi Azərbaycanda dollar almaq xeyli çətinləşib. Üstəlik, hər gün məzənnədə artım var. Belə olan halda qiymət artımını başa düşmək olar. Ancaq mən dəqiq bilmirəm ki, bu qaydada işləyən iş adamları ümumi ticarətin neçə faizini təşkil edir".
Azərbaycanda tütün niyə istehsal edilmir?

Statistik rəqəmlər son dövrlər Azərbaycanda tütün istehsalının ildən-ilə azaldığını, bu sahədə idxalın artdığını göstərir. Üstəlik yerli siqaretlərin də istehsalı dayanmağa başlayıb. (azadlıq.org)

2013-cü ildə Azərbaycanda 3 min 265 ton tütün istehsal edilib. Bu, 2012-ci illə müqayisədə 900 ton azalma demək idi. Tütün istehsalında azalma sonrakı illərdə də davam edib. Hər il təqribən 20-30 faizdən çox azalma olub. Bu, heç də ölkədə tütünə tələbatın azalması ilə bağlı deyil. Balakən rayon Qazma kənd sakini Əbdürrəhman Məmmədov da yaxın illərə qədər tütün əkib. İki ildir tütünçülüyün, necə deyərlər, daşını atıb: "Üç il əvvəl tütün əkmişdim. 3 min 500 manat ziyana düşdüm. Daha əkmək istəmirdim. Bir nəfər dedi ki, mən pul verim, ək, məhsulu satıb borcunu qaytararsan. Həmin ildə məhsul yaxşı olmadı. Elə bil ki, borcuma işlədim. Tütünə xəstəlik düşdü, həm də bizim kənddə suvarma üçün şərait yoxdur. İndi bizim tərəflərdə daha heç kim tütün əkmir. Mən əkəndə bəzi insanlar həvəsə düşmüşdü, mənim batdığımı görüb, onların da göz qorxdu".

Ancaq qonşu Zaqatala rayonunun Üçüncü Tala kəndində hələ də bəzi fermerlər tütünçülüklə məşğuldurlar. Kənd sakinlərindən Mustafa Ağayev deyir ki, bu sahədə monopoliya olmasa, daha çox insan tütünçülüklə məşğul olar. Şitilləri kəndli fermerlərə "Inter Tobacco" MMC verir. Məhsulu da elə onlar alır: "Qiyməti də bu şirkət müəyyən edir. Əla növ yaşıl tütünün 1 kiloqramını 18 qəpiyə, ən aşağı sortu isə 8 qəpiyə götürürlər. 1 ton yaşıl tütündən 180-200 kiloqram quru tütün çıxır".

Mustafa Ağayev deyir ki, tütün 5 dəfə yığılır. Birinci və sonuncu yığımda məhsuldarlıq o qədər də yüksək olmur. Ancaq ortalama 50-55 sentner məhsul götürmək olur... Mustafa Ağayev tütünün xərclərini isə belə sadalayır:

"Bizim kənddə 1 hektar yeri təqribən 200-250 manata icarəyə götürmək mümkündür. Sahə iki dəfə şumlanmalıdır. Şuma da ümumilikdə 100-120 manat pul gedir. Sonra mala işləri gəlir. Buna da ümumilikdə 60 manat pul lazımdır. Sonra əkin başlayır. Tütünü əllə də əkdirən var, traktorla da. Buna da təqribən 80-100 manat pulun çıxır. Daha sonra sahə iki-üç dəfə kultivasiya edilir. Beləcə 100-150 manatda belə gedir. Ancaq xərclər hələ də davam edir. Sahə alaq otlarından təmizlənməlidir. Günəmuzd iş axtaran qadınlar var ki, günü 10 manata bu işləri görür. Tütündə çalışmaq da insan orqanizminə ziyandır. Təqribən 80-100 manat da bu işlərə gedir. Üstəlik, sahəyə verilən gübrələrin də xərcləri var. Haradasa buna da 40 manat xərc gedir. Bir də suvarma və yığım xərcləri var. Bir hektar sahədə tütün becərməyə 1200-1500 manat pul gedir".

Mustafa Ağayev deyir ki, kəndlilərin ilkin vəsaitləri olsa, monopolistlərdən asılı vəziyyətə düşməzlər. Onun dediyinə görə, əvvəllər bölgədə tütün alışı ilə bir neçə qurum məşğul olub. Onda kəndli fermerlərin həm seçim imkanı olub, həm də qiyməti qaldıra biliblər. Üçüncü Tala kəndinin bir neçə sakini onların bu işdən əllərini məhz monopolistlərin soyutduğunu deyiblər. Tütün becərmək, tütün sahələrində çalışmaq həm çətin, həm də insan səhhətinə ziyan olsa da, ailələrinin dolanışığı üçün buna da hazırdırlar.