Bakı UEFA-nın qərarını gözləyir » Memur.az

Bakı UEFA-nın qərarını gözləyir

Bakı UEFA-nın qərarını gözləyir



Bu gün bütün Avropanın diqqəti İsveçrəyə yönələcək.



Memur.Az apasport.az-a istinadən xəbər verir ki, qurumun XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutacaq.

UEFA-ya üzv olan 55 milli assosiasiyanın, o cümlədən AFFA-nın nümayəndələrinin iştirak edəcəyi Konqres Cenevrənin "Prezident Vilson" otelində baş tutacaq. Lakin Azərbaycan üçün daha önəmli qərar İcraiyyə Komitəsinin Nyondakı Avropa Futbol Evində təşkil olunacaq toplantısında veriləcək.

Bir sıra vacib məsələləri müzakirə edəcək komitə üzvləri 2019-cu ildə keçiriləcək 4 yarışın ev sahibini də müəyyənləşdirəcək. Çempionlar Liqası, Avropa Liqası, qadınların Çempionlar Liqası və Superkubokun həlledici oyununun keçiriləcəyi stadionun adı bilinəcək.

Finala iddiaçılar arasında ilk dəfə Azərbaycanın da olması tədbirə marağı artırıb. Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm də Avropa Liqasının 2018/19 mövsümünün son görüşünə namizəddi. Qitənin ən nüfuzlu klub turnirində bu matça iki iddiaçı var ki, Bakının da yeganə rəqibi Madridin "Vanda Metropolitano" stadionudu.

Avropa Liqasında isə Bakı Olimpiya Stadionunun iki rəqibi var. Bu dəfə də onlardan biri İspaniyanı təmsil edir. Sevilyanın "Ramon Sançes Pisxuan" stadionu, həmçinin İstanbulun "Vodafon Park" arenası ikinci dərəcəli turnirə iddiaçıdı.

Qeyd edək ki, İcraiyyə Komitəsinin yığıncağından sonra, Bakı vaxtı ilə təxminən 19:30-da mətbuat konfransı baş tutacaq. Qərarlar UEFA-nın rəsmi saytı ilə canlı yayımlanacaq konfransda açıqlanacaq.