Göyçayda 12 ha nar bağları və 15 ha taxıl sahələri yanıb » Memur.az

Göyçayda 12 ha nar bağları və 15 ha taxıl sahələri yanıb

Göyçayda 12 ha nar bağları və 15 ha taxıl sahələri yanıb

Göyçay rayonunun Qarayazı və Bığır kəndləri ərazisində baş verən yanğın sahəsi genişlənib. APA-nın yerli bürosunun xəbərinə görə iyulun 13-ü axşam saatlarından başlayaraq dağlıq ərazidə baş verən yanğın qısa müddətdə geniş ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması və alovun yaxınlıqdakı mal-qara fermasına, evlərə, kafelərə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görülüb. Havanın qaranlıq və küləkli olması, ərazinin dağlıq və kol-koslu olması yanğınsöndürənlərin işinə mane olsa da yanğının genişlənməsinin qarşısı alınıb.

Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə Bığır və Qarayazı kəndləri ərazisində vətəndaşlara məxsus nar bağlarında və taxıl sahələrində 3 gündür ki, fasilələrlə yanğınlar baş verir. Yanğınsöndürənlər alovun qarşısını alaraq yanğını tamamilə söndürsələr də sonradan naməlum səbəbdən həmin ərazidə yenidən yanğınlar baş verir. Məlumata görə, son 3 gündə həmin ərazidə ümumilikdə 12 hektar nar bağı, 15 hektar taxıl sahəsi, kol-kos, xırda ağaclar yanıb. Yanğınların hansı səbəbdən baş verdiyi araşdırılır.