Avropa Oyunlarından sonra bəzi məmurlar vəzifələrini itirə bilər » Memur.az

Avropa Oyunlarından sonra bəzi məmurlar vəzifələrini itirə bilər

Avropa Oyunlarından sonra bəzi məmurlar vəzifələrini itirə bilər

İşində ciddi nöqsanlara yol vermiş şəxslərin cəzalandırılması məsələsi gündəmdədir
Razim Məmmədov, Nizaməddin Quliyev, Etibar Pirverdiyev,Cahangir Əsgərov, Natiq Əliyev, Ramiz Həsənov, Vaqif Abdullayev və Hacıbala Abutalıbovun gələcəkkaryerası sual altındadı
Birinci Avropa Oyunlarından sonra hökumət daxilində ciddi kadr islahatlarının aparılacağı gözlənilir. Qeyd edək ki, hələ oyunlar start götürməmişdən öncə bununla bağlı proqnozlar verilir və müxtəlif fikirlər səsləndirilirdi. Artıq oyunların bir neçə günü arxada qalıb. İyun ayının 28-də böyük idman bayramı başa çatacaq. Vaxt qısaldıqca bəzi yüksək rütbəli şəxslər təşvişə düşməyə başlayıblar.
Maraqlıdır, görəsən Avropa Oyunları başa çatandan sonra hansı məmurlar tutduqları vəzifələrdən kənarlaşdırıla bilər. Mötəbər mənbələrdən aldığımız məlumatlara əsasən işdən çıxarılmağa ən real namizədlərdən biri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdur. Mənbənin bildirdiyinə görə, icra başçısının son illərdəki fəaliyyəti nə yerli sakinləri, nə də yuxarı instansiyalarda təmsil olunan şəxsləri qane edir: "Xətai rayonunun ərazisində baş vermiş sonuncu yanğın hadisəsi icra hakimi barədə deyilən tənqidlərin kulminasiya nöqtəsi oldu. Hadisə rayon rəhbərinin vəzifəsinə laqeyd münasibət bəslədiyini, şəxsi mənafeyini hər şeydən üstün tutduğunu bir daha sübut etdi. Onun bu günə qədərki fəaliyyətini analiz edəndə ortaya müsbət nəysə çıxmır. Razim Məmmədovun adı geridə qalan müddətdə ancaq qanunsuz torpaq satışı, ağacların ucdantutma məhv edilməsi, sakinlərin incidilməsi və biznes fəaliyyətində hallandırılıb. Başçı bu vaxta kimi bəzi qüvvələrin yardımı ilə vəzifəsinə yaranmış təhlükələri özündən kənarlaşdıra bilib. Ancaq indi vəziyyət başqa cürdür. İcra başçısı vətəndaşlarla normal münasibət qura bilmir, onlara kömək etmək istəmir. Belə olan təqdirdə xalqın hökumət nümayəndələrinə olan inamı sarsılır. Bu və digər məqamları nəzərə alan yuxarı dairələr icra başçısının vəzifədən azad edilməsi məsələsi ətrafında müzakirə aparırlar. Yayılan söz-söhbətə görə, oyunlar başa çatandan dərhal sonra Razim Məmmədov işdən çıxarıla bilər". Məlumatlı mənbə deyir ki, postunu itirməyə əsas namizədlər arasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də var: "Bu məmurun da adı indiyə kimi müxtəlif xoşagəlməz hadisələrdə çəkilib. Goranboy camaatı rayonun bərbad hala düşməsində səbəbkar kimi məhz icra başçısını göstərirlər. Bildirirlər ki, icra hakimi rayonda abadlıq-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin çox hissəsini şəxsi biznesinin möhkəmlənməsinə sərf edib. Həmçinin yerli büdcə təşkilatlarının fəaliyyətinə süni əngəl yaradır. Son zamanlar Nizaməddin Ouliyevin haqqında mətbuatda gedən tənqidi yazıların sayı xeyli artıb. Başçının iş adamlarını incitməsi, vətəndaşları qəbul etməməsi və bir qrup şəxslə birlikdə özbaşına əməllərə imza atması rayonda ümumi vəziyyəti daha da gərginləşdirib. Buna tab gətirə bilməyən sakinlər bir neçə dəfə icra başçısının dəyişdirilməsi xahişi ilə müvafiq instansiyalara müraciət ediblər. Rayon rəhbəri bəzi qüvvələrin himayəsində olduğu üçün vəzifəsində saxlanılıb. İcra başçısından şikayətlərin artması onun gələcək karyerasını sual altında qoyub. Hazırkı vəziyyətdə o vəzifəsini itirməyə çox yaxındır. Avropa Oyunları başa çatan kimi məmurun karyera məsələsi haqda son qərar verilə bilər". Deyilənə görə, yuxarıların hədəfində olan digər məmur "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevdir. Etibarlı mənbənin məlumatına görə, cəmiyyət sədrinin "vurulması" prosesi hələ bir neçə ay əvvəldən start götürüb: "Əslində, sədr əsas səlahiyyətlərini itirən vaxt işdən çıxarılmalı idi. Lakin kimlərinsə məsələyə qarışması cəmiyyət rəhbərinin vəzifəsində qalmasında yardımçı oldu. Buna baxmayaraq, Etibar Pirverdiyev bir sıra böyük imkanlardan məhrum edildi, gəlirli sahələrə nəzarət onun əlindən alındı. Hətta vəziyyət o həddə çatdı ki, "Azərenerji"nin ləğv edilərək "Azərişıq" ASC-yə birləşdirilməsi məsələsi gündəmə gətirildi. Bütün bunlar adıçəkilən məmurun əvvəlki tək nüfuzlu olmadığını göstərir. Ehtimallara əsasən, gələn ayın ilk ongünlüyündə sədrlə bağlı yekun qərar veriləcək və güman ki, vəzifəsi ilə vidalaşmalı olacaq". İddialara görə, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərovun da gələcək karyerası ilə bağlı müəmmalı məqamlar mövcuddur. Bildiyi informasiyanı bizimlə bölüşən mənbənin sözlərinə görə, "AST Telman" kimi tanınan milyarder Telman İsmayılovla dost münasibətində olması, eləcə də ölkənin hava nəqliyyatının təkmilləşdirilməsi istiqamətində ayrılan büdcə vəsaitlərinin müəyyən hissəsinin yox edilməsinə dair ciddi şübhələrin yaranması QSC sədrini yuxarı dairələrin tənqid hədəfinə çevirib: "Onun Avropa Oyunlarından əvvəl işdən azad ediləcəyi gözlənilirdi, amma nədənsə sonradan qərar dəyişdi. Bununla belə Cahangir Əsgərovun karyerasının gələcək mərhələsi ilə bağlı qarışıq durum davam etməkdədir. Əksəriyyət onun görəvdən alınmasının tərəfdarıdır. Çünki bunun üçün kifayət qədər əsas var. Əgər sədrin "AZAL"a rəhbərlik etdiyi dövr ən incə detallarına kimi araşdırılsa, bir sıra maraqlı məqamlar aşkara çıxarıla bilər". Bundan başqa, mənbəmizin dediyinə görə, energetika naziri Natiq Əliyev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin və şəhər meri Hacıbala Abutalıbovun da vəzifədən alınacağı məsələsi gündəmdədir. Baş verəcək kadr dəyişikliklərini görmək üçün sadəcə gözləmək lazımdır.

Yazıda adı qeyd olunan bütün şəxslərin cavab haqqını tanıyırıq.



Hafiz Məmmədli