Ağstafada ər-arvadı güllələyən şəxs hakim qarşısında » Memur.az

Ağstafada ər-arvadı güllələyən şəxs hakim qarşısında

Ağstafada ər-arvadı güllələyən şəxs hakim qarşısındaAğstafa rayonunda ər-arvadı güllələməkdə təqsirləndirilən Misir İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu.Az-ın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib. İttihama görə, hadisə bu ilin avqustun 4-də Ağstafa rayonunun Qarayazı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən fermada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən iki dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.

Nəticədə, Sakit Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Şərifə Həmşəyevanın həyatını xilas etmək mümkün olub.

Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Misir İbrahimov tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “МЦ-2112” markalı tüfəng götürülüb.

İstintaq orqanı tərəfindən Misir İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.