Kürəkənini öldürən 77 yaşlı kişi hökmdən narazıdır » Memur.az

Kürəkənini öldürən 77 yaşlı kişi hökmdən narazıdır

Kürəkənini öldürən 77 yaşlı kişi hökmdən narazıdır
İş üzrə baxış noyabrın 11-nə təyin olunub.

Bakı Apellyasiya Məhkəməsində Xəzər rayon sakini Tofiq Bağırovun (1938-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Memur.Az xəbər verir ki, bu il aprelin 23-ü saat 15 radələrində Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, A.Musayev küçəsindəki döngə 7, ev 43-də yaşayan 1973-cü il təvəllüdlü Emin Rzayev qarının sol yarısının daxilə nüfuz edən yarası ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib, lakin ona zəruri tibbi yardım göstərilməsinə baxmayaraq səhərisi gün o keçinib. Araşdırmaya başlayan Xəzər RPİ 2-ci polis bölməsi və prokurorluq əməkdaşlarına mərhumun yaxınları ilkin olaraq Emin Rzayevin özünə xəsarət yetirməsini bildirsələr də, iş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə ona xəsarətin kənar şəxs tərəfindən yetirilməsi məlum olub.

Hadisədən sonra Gəncə şəhərində yaşayan qızı Azadənin evinə gedən mərhumun qayınatası Tofiq Bağırov ayın 29-da Bakıya qayıdaraq Maştağa qəsəbəsində yerləşən Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub və hadisə barədə məlumat verib, oradan isə onu Xəzər RPİ 2-ci polis bölməsinə aparıblar.

İstintaqla müəyyən edilib ki, hadisə baş verən gün Emin Rzayev qayınatası Tofiq Bağırovu yaşadığı otağa salıb, ünvanına nəlayiq ifadələr işlətməklə onu təhqir edib, cavab olaraq Bağırov ona atası yaşında olduğunu deyib və söyüşlərini irad tutub. Bundan əsəbiləşən Rzayev digər otağda olan vintaçanı götürərək onun üzərinə gəlib, Tofiq kürəkəninin onu vuracağını güman edərək, masanın üstündə olan bıçağı götürüb, sonuncunun qarın nahiyyəsinə bir zərbə endirib.

Məhkəmə prosesində Tofiq Bağırov ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib. O, bildirib ki maddi vəziyyəti ilə əlaqədar 1998-ci ildə Gəncə şəhərindən Bakının Albalılıq yaşayış sahəsinə ailəsi ilə köçərək, orada məskünlaşıb. Onunla birlikdə Bakıya yoldaşı Səkinə, övladları Aygün, İlqar, Vüqar və Lalə köçüblər. O, uşaqlarının hər birini ailə sahibi etsə də, Ayğünə ailə həyatı qismət olmaması onu narahat edib. 2012-ci ilin iyun ayından Bağırov, Mərdəkan qəsəbəsinə getməli olduğundan Emin Rzayevin idarə etidyi taksini saxlatdırıb və ondan Mərdəkan qəsəbəsinə getməyi xahiş edib. Yolda Rzayevlə söhbət edərkən, o 39 yaşı olsa da, hələ də evlənmədiyini deyib, səbəbini soruşduqda Emin dəfələrlə məhkumluq həyatı yaşadığını bildirib.

Onun danışığı və hərəkətləri xoşuna gəldiyindən Tofiq Eminə mütləq evlənməli olduğunu və istədiyi təqdirdə qızı Aygünü alacağı təqdirdə, ona ev vərəcəyini deyib. İşini görüb, qurtarandan sonra Emin onu geri yaşadığı evə aparıb, məhəlləyə çatanda Bağırov Rzayevə darvazanı göstərib və qızını istəməyə bu qapıya gelə biləcəyini bildirib. Səhərisi gün Eminin elçiləri gəliblər, həmin il noyabrın 14-də onların toyu olub. Toydan sonra Emin onlarla birlikdə yaşayıb, evdə o, arvadı və nəvəsi Royal qalıblar.

Rzayev ailə həyatı qurduqdan bir ay sonra aralarında mübahisələr başlayıb. Belə ki, Emin ona öz evində qonaq kimi davranıb və özünü evin yiyəsi hesab edib. Bəzən onu döyüb, hətta Tofiq bu barədə 2-ci polis bölməsinə şikayət etdikdən sonra bu barədə araşdırma aparılıb.

Aprelin 23-də günorta evə gələn Emin Aygündən nahar verməsini xahiş edib, Tofiq də həmin vaxt otağından qızına səslənərək ona da, yemək hazırlamasını deyib. Aygün çörəyi stolun üstündə kəsərkən, qaldığı evin oğlu İlqarın həyətinə açılan pəncərəsindən digər qızı Lalə Röyalı çağırıb, sonuncudan Aygünü çağırmasını xahiş edib. Bunu eşidən Emin etirazını bildrib və Ayğünlə Lalənin danışmasına imkan verməyib, nəsillərinə söyməyə başlayıb. Tofiq buna iradını bildirdikdə Emin evdə işlədilən, dəstəyi qara rəngli vintaçanla gəlib və ana söyüşü söyərək, onu öldürəcəyini deyib.

Rzayevin onu vuracağından qorxub, dərhal masada olan mətbəx bıçağını götürüb, özünü müdafiə etmək məqsədi ilə kürəkənini bir dəfə qarnından vurub. Emini öldürmək istəsə idi ona çoxlu sayda bıçaq zərbələri vurardı, onları Aygün ayırmağa çaışırdı. Rzayevi vurduqdan sonra Tofiq dərhal küçəyə çıxıb. Sonra oğlu İlqar və digərləri Emini xəsətxanaya aparıblar. Hadisənin səhərisi günü saat 16 radələrində İlqar xəstəxanadan zəng vuraraq, Rzayevin keçindiyini bildirib.

Oğlu bu məlumatı verəndən sonra, Tofiq Gəncə şəhərində yaşayan qızı Azadənin evinə gedəcəyini, sonra isə polisə təslim olacağını bildirib. Ayın 29-da Xəzər rayon prokurorluğunda ifadə verməli olduğu üçün Gəncə avtovağzalından marşruta minib Bakıya qayıdıb.

Zərərçəkən Könül Əliyeva məhkəmədən təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum və onun müdafiəçisi apellyasiya şikayətləri veriblər, iş üzrə baxış noyabrın 11-nə təyin olunub.