Fransada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb » Memur.az

Fransada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

Fransada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

Fransanın cənubunda qəzaya uğrayan “Germanwings” aviaşirkətinə məxsus A320 təyyarəsinin qalıqları Barselonet (Fransa) şəhərinin yaxınlığında, Alp dağlarında tapılıb.

APA-nın “Agence France Presse”yə istinadən xəbərinə görə, təyyarənin dəniz səviyyəsindən 2700 metr yüksəklikdə, dağlıq ərazidə qəzaya uğradığı məlum olub.

Bu ərazidə faktiki olaraq yol olmadığından, xilasedicilər və yanğınsöndürənlər hələlik hadisə yerinə gedib çıxa bilməyiblər. Fransa prezidenti Fransua Olland xalqa müraciətində avialaynerin qəzaya uğraması nəticəsində sağ qalanların böyük ehtimalla olmadığını bəyan edib: “Hələlik qəzanın səbəbləri haqqında danışmaq tezdir. Hadisənin səbəblərinin araşdırılması üçün qərargah yaradılıb. Böyük ehtimalla 142 sərnişinin hamısı həlak olub”.

Təyyarənin məxsus olduğu “Lufthansa” şirkətinin törəmə müəssisəsi olan “Germanwings” aviaşirkətindən isə qəza ilə bağlı heç nə deyə bilməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Fransa Mülki Aviasiya İdarəsi təyyarədə 142 sərnişinin və 8 ekipaj üzvünün olduğunu açıqlayıb. Sərnişinlərin əksəriyyətinin Almaniya vətəndaşları olduğu bildirilir.