ABŞ prezidentinin Bakıya qəfil zəngi... » Memur.az

ABŞ prezidentinin Bakıya qəfil zəngi...

ABŞ prezidentinin Bakıya qəfil zəngi...

"New Eastern Europe” Azərbaycanın mərhum eks-dövlət müşaviri, görkəmli diplomat və dövlət xadimi Vəfa Quluzadə haqda xatirə məqaləsi ilə çıxış edib.

Məqalənin müəllifi tanınmış amerikalı jurnalist, Azadlıq Radiosunun keçmiş müxbiri, hazırda "The Economist”, "İnternational Business Times” kimi nüfuzlu nəşrlərə yazan Cozef Hammonddur.

Virtualaz.org saytı həmin məqalənin tərcüməsini oxuculara təqdim edir:


*****

Sonuncu dilmanc: Azərbaycanın Vəfa Quluzadəsi

XXI əsrdə lingvistik keyfiyyətlər diplomatik uğur üçün getdikcə daha çox gərəksiz hesab edilir. İki dil bilən diplomat kifayət qədər qabiliyyətli sayılır.

Azərbaycanın milli təhlükəsizlik üzrə keçmiş dövlət müşaviri, bu ölkənin müstəqilliyini əldə etməsindən sonra üç prezidenti ilə işləyən, 2015-ci il mayın 1-də vəfat edən keçmiş sovet diplomatı, Azərbaycan Kommunist Partiyasının üzvü Vəfa Quluzadə isə beş dildə danışırdı.

Bolşeviklərin repressiyalarından əziyyət çəkmiş azərbaycanlı ailəsində 1940-cı ildə anadan olmuş Quluzadənin həyatında onun iki münaqişədə diplomat kimi iştirakı böyük rol oynamışdı: 1973-cü il Oktyabr müharibəsi və 1989-1994-cü illər Azərbaycan-Ermənistan müharibəsi.

Sovet İttifaqında tələbə olarkən o, yay tətili zamanı kənd təsərrüfatı işlərində işləməyə məcbur idi. Məhz belə səfərlərdən birində o, Əbülfəz Elçibəylə ömürlük dostluğun əsasını qoydu. Əmək düşərgəsində bu iki tələbə sovet rejiminin nöqsanlarını ikilikdə müzakirə edirdi.

1992-ci ildə Elçibəy Azərbaycanın ikinci prezidenti seçiləndə o, Vəfa Quluzadədən xahiş etdi ki, milli təhlükəsizlik məsələləri üzrə müşaviri olsun. Bu vəzifə Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun dövründə təsis edilmişdi.

Prezident Bill Klinton

Özünün bütün karyerası boyu Quluzadənin dilləri mükəmməl bilməsi onun uğurlarının açarı idi. Onun linqvistik qabiliyyətləri Osmanlı imperiyasının əsasən yunan mənşəliş olan peşəkar tərcüməçilərini - türk, ərəb, fars və ən azı bir Avropa dilində sərbəst danışan dilmancları yada salırdı.

Quluzadə bu ixtisasa layiq idi. O, doğma Azərbaycan türkçəsi ilə yanaşı rus, ingilis, ərəb, fars dillərində tam sərbəst danışır, alman və fransız dillərini qismən bilirdi.

Bir dəfə Azərbaycan prezidenti Heydər Əliyevi Amerikaya səfərdə müşayiət edəndə o, prezident Bill Klintonun rus emiqrant olan tərcüməçisinin sözünü kəsərək deyilənləri qrammatik baxımdan düzgün tərcümə etmişdi.

Quluzadənin prezident Klintonla təkcə xatirə görüşü olmamışdı. Əliyevin administrasiyasında dövlət müşaviri işləyəndə bir gün səhər tezdən köməkçisinin qəfl otağa daxil olması onu stuldan qaldırdı. Dəstəyin o ucundan ingiliscə danışan şəxs soruşurdu: "Quluzadə zəngi qəbul edə bilər?”

Köməkçisinə tərəf dönən Quluzadə dəstəyi götürdü və təəccüblə aşkar etdi ki, danışan ABŞ prezidenti Bill Klintondur. Prezident Azərbaycan prezidenti Heydər Əliyevlə təcili məsələ barədə danışmaq istəyirdi.

Quluzadə bu zəngi öz kiçik Azərbaycan hökumətinin adından əminliklə qəbul etdi. Cavab verdi ki, o, prezidentlə telefon danışığını təşkil edəcək və yarım saat sonra təkrar zəng vurun.

Təxminən 30 dəqiqə sonra telefon yenidən zəng çalanda o, Heydər Əliyevin kabinetində narahat şəkildə oturmuşdu. Jüri bir az gərgin tonda ona Klintonla Əliyev arasında telefon zəngini tərcümə etməyə icazə verdi. Klinton zəng edən kimi dərhal mətləbə keçdi.

Quluzadə xatırlayırdı ki, Klinton Əliyevdən soruşdu: "Siz Azərbaycanın enerji resurslarının nəqlinin diversifikasiyasında maraqlısınız?”

İstənilən tərcüməçi hərfi tərcümədən daha çox tərcümə edir və Quluzadə dəstəyi yerə qoyandan sonra Əliyevə izah etdi ki, diversifikasiya dedikdə Azərbaycanın neft-qaz resurslarının Rusiyadan kənar nəqli nəzərdə tutulur.

Əliyev Quluzadə ilə razılaşdı və Klintona bildirdi ki, o, diversifikasiyada maraqlıdır. ABŞ prezidenti söhbəti yekunlaşdırdı, vəd etdi ki, amerikalı rəsmi şəxslər tezliklə bu məsələyə dair təmasda olacaqlar.

Bu zəng 1768 kilometr uzunluğunda Bakı-Tiflis-Ceyhan neft kəmərinin taleyini həll etdi. BTC 2005-ci ildə istismara verildi.

Zəng həmçinin göstərirdi ki, 1990-cı illərin əvvəllərindən etibarən Qafqazda stabillik çatışmırdı. Çeçenistan qəfildən Rusiyaya qaşı qiyam qaldırdı. Gürcüstan Acarıstan, Abxaziya və Cənubi Osetiyada separatçı hərəkatlarla mübarizə aparmağa məcbur oldu.

Məhz bu kontekstdə Rusiya öz siyasi hakimiyyətini möhkəmləndirmək üçün Azərbaycanla müharibədə Ermənistana dəstək verirdi. Qərb və NATO buna reaksiya verməyəndə bu, rusların Mərkəzi Asiya, Balkanlar, Moldova, Gürcüstan, Estoniya və bu yaxınlarda Ukraynada yeni məcaralara əl atmasına səbəb oldu.

Quluzadə sonradan xatırlayırdı ki, o, prezident Əliyevin etimadını qazanmışdı, heç vaxt şəxsi görüşlərində nəsə xahiş etmirdi. Tez-tez onlar ya şəxsən söhbət edirdilər, ya da gündə 6 dəfəyədək telefonla danışırdılar.

Oktyabr sürprizi

Vəfa Quluzadə 1968-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Yaxın Şərq Araşdırmaları İnstitutunu Misir ədəbiyyatı ixtisası üzrə bitmişdi. Bu baxımdan onun kritik xarici dilləri erkən yaşlarda mənimsəməsi təəcüblü deyil.

Əslində sovet diplomatları çox vaxt öz karyeralarını tərcüməçi kimi başlayırdı və bu sistemə başqa ölkələrin əksəriyyətində rast gəlinmir.

Quluzadənin dil öyrənmək vərdişləri onunla eyni baxışlara malik olan Elçibəydən yaxşı idi. Bu səbəbdən Elçibəyi Asuan bəndinə tərcüməçi işləməyə göndərdilər.Quluzadə isə Qahirədə prestijli diplomatik vəzifə aldı.

Gənc diplomat tezliklə bu şəhəri sevdi. O, özünün ilk maşınını da bu şəhərdə aldı və Sovet İttifaqından daha liberal olan gecə həyatından həzz almağa başladı. Azərbaycan lideri və Bill Klintondan başqa Quluzadə Ənvər Sadat, Hafiz Əsəd və Leonid Brejnev kimi liderləri də tərcümə etmişdi.

Quluzadə məhz Qahirədə ilk dəfə Heydər Əliyevin diqqətini cəlb etdi. Əliyev 1973-cü ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Qahirəyə səfər etmişdi.

Əliyevin tərcüməçisini Moskvadan göndərmişdilər. O, fəlsəfə ixtisası üzrə təhsil almışdı və klassik ərəb dilini öyrənmişdi. Tərcüməçi Misir danışıq ərəb dilinə və siyasi terminologiyaya dair zəruri biliklərə malik deyildi. Ola bilsin başqaları bu situasiyada özlərini irəli verməyə cəsarət etməzdi.

Amma Quluzadə bunu fürsət kimi gördü. Əliyev onun tərcüməçi qabiliyyətini yüksək qiymətləndirdi və Misiri tərk edəndə Quluzadəyə hədiyyə qoyub getdi. 1973-cü ilin Oktyabr müharibəsi az qala Birləşmiş Ştatlarla Sovet İttifaqı arasında açıq qarşıdurmaya gətirib çıxaracaqdı.

Münaqişə qızışanda Quluzadənin karyerasında sürətli irəliləyiş baş verdi-onu sovetlərin Misirdəki baş tərcüməçisi təyin etdilər. Sonradan Quluzadə Misirdən qayıdanda da Əliyev ona bürokratik vəzifə tutmaqda kömək etdi.

Quluzadə sonuncu dəfə Misirə 1990-cı illərdə səfər etmişdi və Qahirənin 70-ci illərdən tanıdığı qədim kvartallarının necə dəyişdiyini görəndə kədərlənib ağladı. Onun yaşadığı kvartalların yerində indi ruhsuz, bir-birinə sıx bitişik çoxbloklu yaşayış binaları ucalırdı.

İmperiyanın varisləri

Quluzadə ABŞ və Türkiyəni dost hesab etsə də, Rusiya və İranı sözün ənənəvi mənasında imperiya hesab edirdi.

2011-ci ildə verdiyi müsahibədə o deyirdi ki, Rusiya federasiya deyil, imperiyadır. O, hesab edirdi ki, Rusiya və İran indiki sərhədlərinin daxilində parçalanıb gedəcəklər. Azərbaycanın Cənubi Azərbaycanla birləşməsini isə Quluzadə qaçılmaz hesab edirdi.

Dağlıq Qarabağın işğalına son qoymaq üçün Ermənistanla nəticəsiz danışıqlar aparandan sonra Quluzadə əmin olmuşdu ki, İrəvanda ali hakimiyyət Moskvanın ixtiyarındadır.

Ömrünün son illərində o, zarafatla deyirdi ki, müharibə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, Ermənistan isə 100 faiz Rusiyanın işğalı altında qalıb.

Quluzadə Dağlıq Qarabağın tam muxtar statusuna qəti əmin idi və ümid edirdi ki, günlərin birində Ermənistana işğala son qoyması şərti ilə BTC-yə qoşulmağı təklif edəcək. Hesab edirdi ki, Ermənistanın Xəzərin mineral resurslarından fayda götürməsi onun Avropay inteqrasiyasına kömək edəcək.

Quluzadənin xarici siyasət baxışları geniş mənada realist idi. Ancaq o, hərdən ən təcrübəli və soyuqqanlı döyüşçünü də pərt edə bilirdi. O, Azərbaycanın İsrail və Türkiyə ilə sıx münasibətlərinin tərəfdarı kimi çıxış edirdi.

1999-cu ildə isə o, həddən artıq uzağa getdi, Azərbaycanın NATO-ya üzv olacağına və öz ərazisində Amerika bazasını yerləşdirməyə icazə verəcəyinə dair bəyanatına görə vəzifəsindən istefa verməli oldu.

1999-cu ildə hakimiyyətdən uzaqlaşandan sonra o, hərdən hiperbola şəklində mövqelərdən çıxış edirdi. İddia edirdi ki, Dağlıq Qarabağın işğalı Barbarossa planından daha qəddar idi, çünki ermənilər işğal etdikləri ərazilərdə evləri məhv ediblər. Corc Oruell kimi o, Stalini Hitlerdən daha böyük təhlükə sayırdı.

Onun ölümü Bakını böyük xarici siyasət mütəfəkkirindən və sülh adamından məhrum etdi. Quluzadə ömrünün sonuna qədər qorxurdu ki, Azərbaycan növbəti nəsil liderləri ərazilərin işğalını dinc yolla aradan qaldıra bilməyəcəklər. Ancaq onun son açıqlamalarından bəziləri daha az pessimist idi.

Ötən il Quluzadə müsahibələrindən birində deyirdi ki, Rusiya və Ukrayna arasında münaqişə Bakının amerikapərəst hökumətini Vaşinqton üçün daha da mühüm edəcək. Onun fikrincə, böhran yeni imkanlar da açırdı...