İlham Əliyev 2 yeni sərəncam verdi » Memur.az

İlham Əliyev 2 yeni sərəncam verdi

İlham Əliyev 2 yeni sərəncam verdiAzərbaycan prezidenti İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.

Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı 3 ay müddətində zəruri tədbirlər görmək və bu barədə prezidentə məlumat vermək tapşırılıb. İqtisadiyyat Nazirliyinə isə Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək həvalə olunub.


***

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüb:

Bağırov Emil Oqtay oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Əhmədzadə Emil Kinyaz oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Eminzadə Emin Xəzər oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Hacızadə Suada Elxan qızı – Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Hüseynov Orxan İsa oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Hüseynzadə Lalə Natiq qızı – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Məcidov Elman Aydın oğlu – Hamburq Musiqi və Teatr Ali Məktəbinin tələbəsi

Omarlı Şükür Şəfi oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Quliyev Ağarəhim Vaqif oğlu – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi

Səmədli Soltan Bayram oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi

memur.az