Qarabağ düyünü: Çözüm necə olacaq? - təfsilat » Memur.az

Qarabağ düyünü: Çözüm necə olacaq? - təfsilat

Qarabağ düyünü: Çözüm necə olacaq? - təfsilatQarabağ savaşını Azərbaycanın başlamaması yəqin dünyaya gizlin olmaz

Ən azı ona görə ki, heç bir ölkə, dövlət öz üçündə savaş ocağına çevrilməsində maraqlı deyil. Di gəl, indi savaşı da, ölümü - itimi də təqdim etmək, sırımaq dəbə minib. Özü də bu sırımıda, təqdimatda xain qonşularımızın və onların havadarlarının tayı - bərabəri nyoxdur! Baxın, Sumqayıtda “erməni qətliamı” başa çatmamış anındaca dünyanın aparıcı elektron kütləvi informasiya vasitələrində ekranlaşdırılıaraq, dəqiqləşməsiz, araşdırmasız azərbaycan türklərinin vəhşi obrazı canlandırılır, buna görə Xocalı soyqırımı “qisası” törədilir və ... dünyaya bu soyqırım da “öz adımızdan” təqdim edilir. Hətta Xocalı soyqırımına uğrayanların azərbaycanlılar yox, zavallı ermənilər olduğu bu soyqırımı əks etdirən şəkillər, videolar yolu ilə “erməni təəssübkeşlərinə” elə ustalıqla sırınır ki!..

Düzdür, elə bu təəssübkeşlər özləri də belə sırınmada maraqlıdır, amma saxta təbliğat işini görmüş olur: təcavüzə, istismara, soyqırıma, torpaq itkisinə uğrayan Azərbaycan təcavüzkar, istismarçı, vəhşi görkəmində, torpağımıza göz dikən, təcavüzə uğradan, elə dədə - baba torpağımızda rüspublika yaradan qondarma “Ermənistan” əzabkeş görkəmində. Qarabağdakı ağlagəlməz özbaşınalıqlar, qətli - amlar , savaş - qırğın “milli azadlıq” savaşı, “millətlərin öz müqəddəratını təyin etməsi” kimi sırınır, təqdim edilir və qəbul da edilir! Ermənilərin “rus ayısı” bir yandan, “Sem dayısı” bir yandan, “fransız xoruzu” o yandan “zavallı”, “əzabkeş” ermənilərin yanında “vəhşi” türklərə demokratiya dərsi keçməkdə ustalaşıblar.

Son çağlar Almaniya da “Bremen musiqiçiləri” xorunda “erməni soyqırımına” dəstəklərini piləyib təcavüzkarın yanında olduqlarını ortaya qoydular. Gerçəkdə bu iri dövlətlər Qarabağ düyününü açmaqdan, çözməkdən çox, odun üstünə benzin tökməklə məşğuldur. Fikir verin, saxta, psevdo - elmi bilgilərlə guya Qarabağın tarxiən “Arsax” - erməni torpağı olmasını, “Arsax”ın “erməniliyini” sırımaq yolunu tutublar. Gerçəkdə isə Qarabağda və onun yuxarı hissəsində yaşayan tayfaların çoxunu qarqar , afşar , sak , ərsak ( Arsax bu sözün şəkildəyişməsidir ) və başqa türk tayfaları təşkil edir . Ermənilərin buraya gəlişi isə tarixi mənbələrin açıqlamasına görə 1828-ci il Türkmənçay müqaviləsindən qaynaqlanır. 1978-ci ildə Dağlıq Qarabağda bu gəlişin 150 illiyinə qoyulan abidə də buna açıq sübutdur.

Di gəl, erməni arszılığına nə gəlib?! Abidəni də bir günün içində kəndlərimiz kimi yerlə bir etdilər. İndi də “müqəddəratı təyin etmə” hüququndan yararlanmaqda israrlıdırlar. Elə bu “müqəddərat problemi” də problemin çözülməsində başlıca əngələ dönüb. “Ərazi bütövlüyü” prinsipinə qarşı “müqəddərat” prinsipi qoyulur və torpağına, yurduna pənah gətirdikləri Pənah xanın, İbrahim xanın... türk xanlarının yurdunu, torpağını “ de - yure “milli müqəddəratlarının obyekti kimi görmək istəklərindən əl çəkilmir! (Gorunuz çatlasın, Pənah xan, İbrahim xan ..., Qarabağ xanları! Pənahınıza gəlib yurdunuzda eşələnənlər gorunuzu eşirlər! Görün yurdunuzda, ocağınızda kimlər eşələnir, kimlər gözə kül üfürür!)

Milli - etnik situasiya isə “müqəddərat” prinsipinin Qarabağ düyününün çözülməsində yolverilməzliyini ortaya qoyur. Fikrimizi qətiləşdirmək adına Qarabağın savaşdan öncəki məskunlaşma seximini bir daha yada salmalı olacağam. Dağlıq Qarabağda erməni və azərbaycan - türk kəndlərinin bir - birinin qonşuluğunda yüz illərlə yanaşı yaşaması çox güman gizlin deyil. Bir azərbaycan - türk kəndinin əhatəsində dörd - beş erməni kəndinin və əksinə yerləşməsi faktdır. Elə kənd var ki, ermənilərlə azərbaycanlıların - türklərin birgə yaşayış yeridir. Elə Tuğ kəndi. İndi tutaq ki, ermənilər öz müqəddəratılarını bizim bu Qarabağda təyin etdilər. Sabah həmin Türk - Azərbaycan kəndlərinin sakinləri də haqlı olaraq bunların içində öz müqədəratlarını təyin etməkdə haqlı olmayacaqlarmı?

Beləcə “müqəddərat” prinsipi bu qədim yurdun başının üstündən Damokl qılıncı kimi asılmış olacaq. Bu gün bir milli azlıq, etnik qrup müqəddərat savaşına çıxacaq, sabah isə başqası. Torpağın bölünərək eyni etnik qrupların ayrı - ayrı dövlətlər yaratması da alınan şey deyil. Birincisi, bir - birinə bitişik bu kəndlərin sakinlərini bir yerə yığmağın özü problemdir. İkincisi, “cırtdan” dövlətlərin yaranmasının özü yeni dünya düzəninə uyğun deyil. Üçüncüsü, dövlətlərin torpaq bütünlüyü prinsipi pozulmuş olur. Başqa sözlə, “milli müqəddərat” prinsipinin Qarabağ düyününün çözülməsində effektsiz olması gün kimi aydındır. Qalır ərazi bütövlüyü, torpaq bütünlüyü prinsipi. Bununla razılaşmağa isə dinc erməni əhalisini qoymurlar. Elə rus bir yandan, erməni terroristləri də o biri yandan.

Ordumuzun 1992-ci il yürüşündən sonra Laçın dəhlizi yolu ilə dinc erməni ailələrinin çıxmasına erməni terrorçuları qadağa qoymuşdular. Sözügedən dəhlizdə həm bizim Laçın alayının postu, həm də erməni postu var idi. Ermənilər bizim postdan keçməyə üstünlük verirdilər. Nədənini soruşduqda erməni postunun pullarını alıb özlərini də qurşuna “qonaq etmələrini” göstərirdilər. Bu faktın özü də Qarabağda savaşın dinc əhali arasında getmədiyini, qıraqdan gətirilən terrorçuların başlayıb getdikcə qızışdırmalarının göstəricisidir. Bu savaşa son qoymağın, düyünü çozməyin yolu isə bütün dünyada olduğu kimi Qarabağda da terrora, terrorçulara qarşı savaş açmaq və dünya dövlətlərini terrorçuluğu,başkəsənliyi milli azadlıq mübarizəsi adına maliyyələşdiməyə son qoymağa inandırmaqdır. Bu, hər iki xalqın -Azərbaycan və erməni xalqlarının mənafeyinə uyğun olar. Bir sözlə, dinc ya nadinc olsun, bizim mübarizəmiz terrorçuluğa qarşı mübarizə adını almaq haqqını qazanıb. Dövlət öz vətəndaşlarını, istər erməni istərsə də başqası, terrorçulardan qorumağa borcludur...
(Məğrur Bədəlsoy)(Politika.Az)

Memur.az