Aynar Məmmədovun həbsi təsdiqləndi - YENİLƏNİB » Memur.az

Aynar Məmmədovun həbsi təsdiqləndi - YENİLƏNİB

Aynar Məmmədovun həbsi təsdiqləndi - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe"-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, mətbuatda deputat Elton Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən "Nar Cafe"-də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.

----------

12:08

Dünən gecə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe"sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilməsi və oradakı bütün heyətin həbsi ilə bağlı məlumat təsdiqini tapıb. Memur.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşı sözügedən xəbəri dəqiqləşdirmək üçün "Nar Cafe"yə baş çəkib.

Məlum olub ki, kafenin qapısı açıq olsa da, fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi əməkdaşımızla söhbətdə dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləyiblər. Onlar bildiriblər ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunaraq aparılıblar. Hətta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır. Kafenin texniki avadanlıqları, o cümlədən telefonlar da əməliyyatçılar tərəfindən götürülüb. Xidmətçilər, həmçinin qeyd ediblər ki, kafe açıq olsa da, artıq müştəri qəbul etmirlər.

Xatırladaq ki, kafedəki əməliyyatın qanunsuz kazinonun fəaliyyət göstərməsi ilə bağlı həyata keçirildiyi bildirilir. Əməliyyatın kim tərəfindən yerinə yetirildiyi isə hələ ki, açıqlanmayıb.

Qafqazinfo Elton Məmmədovla da əlaqə yaratmağa çalışıb, deputat da zəngləri cavabsız buraxıb.

----------

10:20

Daxili İşlər Nazirliyinə oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbs edilməsilə bağlı məlumat daxil olmayıb.

Nazirlikdən baku.ws-ə verilən məlumata görə, Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar"ın yanındakı "Nar" kafesində xüsusi təyinatlıların əməliyyat keçirməsilə bağlı rəsmi məlumat yoxdur.

Həmçinin bildirilib ki, əgər həqiqətən də, bu barədə məlumat daxil olarsa, DİN kütləvi informasiya vasitələrinə rəsmi məlumat yayacaq.

-----------

09:44

Oktyabrın 11-i, saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan "Şüşəli bazar"ın yanındakı "Nar" kafesini xüsusi təyinatlılar mühasirəyə alıb, içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıblar.

Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Memur.az bildirir ki, məlumatı azadliq.info-ya etibar etdiyi mənbələrdən biri eynilə təkrarlayıb. Mənbə onu da əlavə edib ki, Aynar Məmmədovla birlikdə, həmin vaxt kafedə olan daha 20 nəfərə yaxın məmur övladı həbs edilib.

Məlumatla bağlı dəqiqləşdirmələr aparmağa çalışacağıq.