Şəmkirin icra başçısı özünü necə aparır??? » Memur.az

Şəmkirin icra başçısı özünü necə aparır???

Şəmkirin icra başçısı özünü necə aparır???

Şəmkirdə qeyri-adi hərəkətləri və davranışları ilə diqqəti cəlb edən məmur əhalinin etimadını qazana bilməyib

Ötən ilin oktyabr ayının 8-i Şəmkir camaatı üçün əlamətdar oldu. Belə ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı təyin edildi. Yerli əhali bu təyinata görə sevindi. Ona görə ki, rayonun keçmiş rəhbərliyinin dövründə vətəndaşlar əlavə problemlə üzləşmək məcburiyyətində qalırdılar. Rayon camaatının yeni icra başçısından gözləntiləri isə böyük idi. Amma başçı geridə qalan 9 ay ərzində sakinlərin etimadını qazana bilməyib.

Vəzifəyə təyin olunan gündən qeyri-adi qərarları, qəribə davranışları və qadağaları ilə gündəmə gələn Alimpaşa Məmmədov köhnə icra hakiminin ölənlərinə "rəhmət oxutdurur". Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Etibar Hüseynov icra başçısını sərt formada tənqid edib. İlk belə hal "Bu şəhərdə"nin Şəmkirdə keçirilən konsertindən əvvəl qeydə alınıb. Milli Məclisin deputatı doğulduğu rayonun icra başçısının fəaliyyətindən narazılığını özünün "Facebook" səhifəsində bildirib: "Bir sıra hüzr məclisləriylə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harda oturursan camaat bazar günü rayon mərkəzində keçirilən "Bu şəhərdə"nin konsertindən danışır. Məlum olur ki, sən demə yeni icra başçısı KVN və "Bu şəhərdə"nin qatı pərəstişkarıymış. Və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı "Bu şəhərdə"nin konsertiylə əlaqədar (başı möhkəm qarışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir... Bax bu hal təəssüf doğurur". Məsələyə RİH-in rəsmiləri tərəfindən dərhal reaksiya verilib. Başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sona Əliyeva bildirib ki, "Bu şəhərdə"nin Şəmkirdə təşkil olunan konsertinə xərclənən vəsaitin icra başçısına heç bir aidiyyəti yoxdur: "Konsertin baş tutması üçün bilet satışı olmayıb. Çünki "Bu şəhərdə"nin təşkilatçısı "Synergy" MMC qrup konsertin dəvətnamə ilə təşkil olunmasını məsləhət görüb. Eyni zamanda, konsertdə başçı iştirak edə bilməyib. Şəmkirdə "Bu şəhərdə"nin konsertinin baş sponsoru və bütün təşkilati məsələlər "Synergy" MMC qrupa aiddir. Bu konsertə icra başçısı heç bir vəsait xərcləməyib". İcra hakiminin "Bu şəhərdə"nin pərəstişkarı olmasına gəlincə, "Müəllimin şəxsi mövqeyi haqqında heç nə deyə bilmərəm"-deyə xanım müavin vurğulayıb. Etibar Hüseynov bu yaxınlarda Şəmkirin rəhbərini Türkiyənin məşhur serial qəhrəmanı Polad Aləmdarla müqayisə edib. Deputat Şəmkirdə keçirilən, mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir barədə fikirlərini bölüşərkən belə deyib: "Artıq bir neçə gündür ki, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Matçın ortasında Polad Aləmdar ədasıyla təşrif buyurub səhnəyə qalxmaq, oyunçuların diqqətini yayındırıb özünlə gətirdiyin fotoqrafa poz vermək üçün Şəmkirin icra başçısı Alimpaşa Məmmədov olmaq lazımdı". Bundan başqa, mətbuat məmurun rayon çayxanalarında domino və nərdtaxta oynamağa qadağa qoyması xəbərini də yayıb. Rayon İcra Hakimiyyətindən isə bununla bağlı heç bir açıqlama verilməyib. Bu xəbər səngiməmiş icra başçısının rayonun keçmiş polis rəisi Şükür Mehdiyevlə münasibətlərinin pisləşdiyi haqda məlumatlar yayıldı. Deyilənə görə, icra başçısı kreslosuna oturandan sonra polis rəisi ilə yola getməyib. Buna görə də Şükür Mehdiyevi sıxışdırmağa başlayıb. Nəticəsi göz qabağındadır. Məlum olduğu kimi ki, polis rəisi bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək başqa işə keçirildi. Rayona təyin olunan yeni polis rəisi Cəmil Əmirovun Alimpaşa Məmmədovun yaxın dostu olduğu bildirilir. İcra hakimi 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də özünəxas formada hərəkət edib. Məlumata görə, icra hakimiyyətinin iclas zalında keçirilmiş görüşdə başçı tribunada oturaraq uşaqlara yuxarıdan aşağı baxıb: "Əslində, rayon rəhbəri digər tədbirlərdən fərqli olaraq həmin gün uşaqların arasında olmalı, onlara qayğı göstərməli idi". Uşaqlardan birini öz yerində oturdan məmur "icra başçısın"dan özü kimi davranmağı istəyib. Başçının yerinə oturan oğlan isə qızları bir-bir ayağa qaldırıb, onlardan izahat tələb edib. Bunu şəkildə də aydın görmək mümkündür. Diqqətinizə çatdırmaq istəyirik ki, icra başçısı RİH-də baş tutan tədbirlərdən birində qadınları ayaq üstə saxlayaraq onlardan izahat tələb etmişdi. Görünür, bu şəxs uşaqla və qadınla necə davranmağın lazım olduğunu hələ öyrənməyib. Hələ bu da son deyil. Yayılan xəbərlərə görə, RİH rəhbəri rayonda kortejlərdən istifadə edir. Bu barədə rayon sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, icra başçısının kortejdən istifadə etməsi hər hansı məsələ ilə bağlı ona yaxınlaşmağa problem yaradır. Məhz belə hallara görə yerli əhali narahatlıq keçirir, eləcə də başçının fəaliyyəti vətəndaşların ürəyincə deyil.

Qeyd edək ki, A.Məmmədov icra başçısı təyin olunana qədər Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Qəzetlərin yazdığına görə, Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb.

Qarşı tərəfi də dinləyə bilərik.

P.S. Kim nə deyir, desin mən Müdafiə Naziri ilə Alimpaşa Məmmədovun söhbətlərindən bəhs edən yazını yazacağam.



Kərim Cəfərli