Şəkidə Əzəl çərşənbə » Memur.az

Şəkidə Əzəl çərşənbə

Şəkidə Əzəl çərşənbəKANAL S (REGİON TV) xəbər verir ki, bu gün xalqımız su çərşənbəsini qeyd edir. Ökənin hər yerində olduğu kimi, Şəkidə də bayram ab-havası yaşanır.

Su çərşənbəsi dörd çərşənbədən birincisidir. Novruz elə bu çərşənbə ilə elimizə qədəm qoyur. Su çərşənbəsinə "Əzəl çərşənbə", "sular Novruzu"da deyilir. İlk çərşənbə buzların əriyib çaylara tökülməsindən, torpağın su içməsindən xəbər verir.

İnsanlar günəş doğmadan su başına gedər, təzə suda əl-üzlərini yuyar, bir-birlərinin üstlərinə su atar, suyun üstündən atlarlar.

Ölkənin hər yerində olduğu kimi, Şəki sakinləri də su çərşənbəsini böyük coşqu ilə qeyd edirlər. Şəkinin Kiçik Dəhnə kənd sakinləri isə bu bayrama xüsusi hazırlaşıblar. Bayramın özünəməxsus şəkildə qeyd olunduğu kənddə yüksək əhval-ruhiyyə hiss olunur. Sakinlər musiqi sədaları altında rəqs edib, əyləniblər. Tonqalın alovlanması isə şənliyə xüsusi rəng qatıb. Sakinlər tonqalın ərtafında dövrə vurub, yallı gediblər. Kənd ağsaqqaları da öz növbəsində xeyir-duasını əksik etməyiblər.

Novruz xalqımızın böyük təntənə ilə qeyd etdiyi gözəl adət-ənənələrdəndir. Hər il bu bayramda el şənlikləri qurulur, insanlar bir-birini bayram münasibətilə təbrik edirlər. Tonqal qalamaq, səməni cücərtmək, yumurta döyüşdürmək, müxtəlif şirniyyatlar hazırlamaq və Kosa ilə Keçəlin duzlu-məzəli söhbətləri və bu kimi atributlar Novruzun özəlliklərindəndir.