Kollec direktoru həbs edildi » Memur.az

Kollec direktoru həbs edildi

Kollec direktoru həbs edildi

Direktor haqda müdhiş faktlar üzə çıxdı

Astara Pedaqoji Kollecinin tələbəsinin həmin kollecin vəzifəli şəxslərinin ondan rüşvət tələb etməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan "Gündəlik Bakı"ya verilən məlumata görə, kollecin direktoru Əlihəsən Həmzəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin kollecin vəzifəli şəxslərinə tələbələrdən semestr imtahanlarında müsbət qiymət yazılması üçün konkret məbləğlərdə pul alınması barədə göstərişlər verməsində, rüşvət istəməsində və almasında əsaslı şübhələr olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq materiallar əldə edilib.

Faktla bağlı cinayət işi başlanıb və həyata keçirilən istintaq tədbirləri ilə Ə.Həmzəyevin kollecin bədən tərbiyəsi və idman şöbəsinin müdiri Aqil Veysəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası zamanı ayrı-ayrı tələbələrdən alınmış ümumilikdə 8 min 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi alıb.

Bundan başqa kollecin digər vəzifəli şəxsi vasitəsi ilə tələbədən 100 manat məbləğində pulu rüşvət kimi istəyib.

Ə.Həmzəyevə və A.Veysəlova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, Əlihəsən Həmzəyevin və Aqil Veysəlovun həbsi xəbərini ilk olaraq "Gündəlik Bakı" qəzeti yazmışdı. Tələbələrdən rüşvət tələb etdiyinə görə həbs edilən Astara Pedaqoji Kollecinin direktoru barəsində müdhiş faktlar var.

Kollecin direktoru Əlihəsən Həmzəyevin fəaliyyəti uzun müddətdir ki, müxtəlif qanun pozuntuları ilə diqqəti cəlb edirdi. Ancaq bu vaxt ərzində o, arxayın şəkildə işlərini davam etdirməyə müvəffəq olub. Ə.Həmzəyevi qoruyan şəxsin Ağcabədi Pedaqoji Kollecində rəhbər olan qudası Ənvər İmanov olduğu bildirilir. Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsində baş məsləhətçi vəzifəsində çalışmış Ə.İmanov bu müddətdə qudasının əməllərinə göz yumub. Ağcabədiyə yeni təyinatdan sonra Ə.Həmzəyev himayəsiz qalıb.

Yalnız Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən Astara kollecinin direktoruna töhmət verilib. Xəbərə görə, Astara Pedaqoji Kollecində 1400-ə qədər tələbə təhsil alır. Lakin bu təhsil müəssisəsində dərslərə davamiyyət olduqca aşağı səviyyədədir. Kollecdə faktiki dərslərə gələn tələbələrin sayı 500-550 nəfərdən artıq deyil.

Tələbələr hər ay təyinatı məlum olmayan hansısa fonda 30 manat pul verirlər. Yataqxanada qalmaq üçün isə hər bir tələbə ayda 30 manat ödəməlidir. O da bildirilir ki, Astarada fəaliyyət göstərən dəbdəbəli istirahət pansionu həbs edilmiş kollec direktoruna məxsusdur. Ə.Həmzəyev fəlsəfə elmləri doktorudur. Onun Yutub sosial şəbəkəsində Hindistan səfərindən video görüntülər var.

Qeyd edək ki, Ə.Həmzəyev kollecin bədən tərbiyəsi və idman şöbəsinin müdiri Aqil Veysəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası zamanı ayrı-ayrı tələbələrdən 8 min 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi alıb.