SÖZ İŞIĞINDAN SALINAN KÖRPÜ » Memur.az

SÖZ İŞIĞINDAN SALINAN KÖRPÜ

SÖZ  İŞIĞINDAN SALINAN KÖRPÜ

















İrfan dünyasının nuruna qərq olan insanları ülvi bir hiss birləşdirir. Zaman və məkanın asılı olmadığı bu məqamda əsas düşüncələr, hisslər rol oynayır. Şair Tapdıq Əlibəylinin Dədə Ələsgərin 200 illik yubileyi münasibətilə yazdığı şeir məhz bu düşüncədən rişələnib, bu qaynaqdan misralanıb:

Sözə naxış vurub ozan dilində,
Əzəli-əbədi Göyçə elində.
Bəsirət gözü var Dədə elmində,
Nur, haqq işığıdır Dədə Ələsgər!

Xalqa həqiqətdən mətləb qandırıb,
Şeytanı öldürüb, nəfsin yandırıb,
Özü könüllərdə xaniman qurub,
Pir, haqq aşiqidir Dədə Ələsgər!

Sazıyla haqq sözün isbatın verib,
Hər yanı eşqiylə baxanda görüb,
Təbi-təbiəti göylərdən gəlib,
Bir haqq aşığıdır Dədə Ələsgər!

Nur, haqq işığıdır Dədə Ələsgər!
Pir, haqq aşiqidir Dədə Ələsgər!
Bir haqq aşığıdır Dədə Ələsgər!
Sirdir, haqq işidir Dədə Ələsgər!

Şeirdə Dədə Ələsgər ruhu duyulmaqda, Dədə Ələsgər sözünə ehtiram özünü göstərməkdədir...
Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açan Tapdıq Əlibəyli ali filoloji təhsil almış, 20-də artıq kitab müəllifi kimi tanınmışdır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Heyrət" Ədəbi Birliyinin qurucusu və rəhbəri "Konstitusiya" qəzetinin, "Heyrət" dərgisinin təsisçisi və baş redaktoru, "Qızıl qələm" mükafatı laureatıdır.
Şair-publisist, tənqidçi Tapdıq Əlibəyli ilə dostluğumuz heç də təsadüfi olmadı. Onunla ilk tanışlığımızın əsası da Aşıq Ələsgər yaradıcılığının işığı ilə qoyuldu. Aşıq Ələsgərə olan dərin sevgi, sönməz eşq, bitməz hörmət Tapdıq müəllimlə dostluğumuza körpü oldu.
SÖZ  İŞIĞINDAN SALINAN KÖRPÜ
Məlumdur ki, çoxəsrlik keçmişə malik Azərbaycan aşıq sənətinin görkəmli nümayədəsi, aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Pespublika Prezidenti Sərəncam imzalamışdır. “Dədə Ələsgər - 200” işığına yığışdığımız, İctimai Televiziyanın “Ötən günlər” layihəsinin çəkiliş etdiyi tədbirdə Tapdıq Əlibəyli də iştirak edirdi. Tapdıq müəllimin Dədə Ələsgər işığında söylədiyi fikirlər öz səlisliyi, lakonik və dolgunlugu ilə yadda qalıb...
Göyçə dağlarından Yardımlı dağlarına əsən poetik eşqin küləyi ilə ürəyi çırpınan Tapdıq müəllim bu duyğularını şeirə köçürəndə buradan haqqa doğru gedilən bir yol görsənir. Bu, elə bir yoldur ki, yaradıcı insanları birləşdirir, ruhlarını qovuşdurur.
Yaradana könül bağlayan, haqqa doğru yol alan haqq aşığı, haqqın işığı babam Ələsgərin ruhu mənə bu yolda addımlayan insanlarla tanışlığıma, dostluğuma bir vəsilə olur və olacaq. Buna görə, həqiqətən, çox şadam. Özümü şanslı insanlardan hesab edirəm. Necə ki, Tapdıq müəllimi tanıdım.
Yaradıcılıq qaynağını xalq yaradıcılıq çeşməsindən götürərək poetik örnəklər yaradan Tapdıq müəllimin şeirlərində xüsusi bir gözəllik, Yaradana ülvi bir bağlılıq var. Bu şeirlərdə irfan ruhunda işıqlanan fikir və duyğular poeziya dünyasının rəngarəng çalarları ilə əks olunur. Yaradıcılığında olan bu məqam şairin əksər şeirlərində hiss olunur. Bəzi məqamlar-ürəyi riqqətə gətirən sözlər şairin fərdi, şəxsi duyğularının ülviləşən məqamlarındandır.
Poeziya dünyasında sözün ecazkar quvvəsiylə özunəməxsus möhtəşəm qala ucaldan Taqdıq müəllimə gələcək fəaliyyətində uğurlar arzu edirəm. Bu yolda qazanılan hər bir nailiyyətin işığı şeir dünyamızı işıqlandırsın...
60 illik yubileyiniz mübarək, sevimli şairimiz Tapdıq Əlibəyli!

XƏTAİ ƏLƏSGƏRLİ,
“Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri.

SÖZ  İŞIĞINDAN SALINAN KÖRPÜ