ZİYALI ÖMRÜ » Memur.az

ZİYALI ÖMRÜ

ZİYALI ÖMRÜ
























Hər bir xalqın mənəvi inkişaf yolu onun ziyalılarının nisbətindən asılıdır. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Tarix göstərir ki, millətin çətin anlarında onun mükəmməl milli təəssübkeşlik duyğularına malik ziyalısı millətə düzgün yol göstərib onun bu çətinlikdən xilas olmasında böyük rol oynayır...
Qürurla deyə bilərəm ki, elimizin yetirməsi, dəyərli qələm sahibi Tapdıq Əlibəyli ziyalı ucalığında olan bir şairdir. O ucalıq ki, şairin düşüncə işığında, qələmində belə səciyyələnir: “Ucalıq de¬yən¬də ilk növbədə fiziki olaraq göz önündə dağ uca¬lığı - zirvə canlanır. Görünür, bu da dağın vüqar, əzə¬¬mət simvolluğu ilə bağlıdır. Zirvəyə çatmaq isə heç də asan olan bir məsələ deyil. Bunun üçün birin¬ci, əsas şərt sağlamlıq və məqsəddir. Elə¬cə də insanlıq adının ucalığında olmağı şərtləndirən xe¬yir əməldir. İnsan özünün xeyirxah əməlləri, fəzil şəxsi keyfiyyətləri ilə mənəvi dəyərlər ucalığındadır. Gerçəklikdə bu, özünü cəmiyyət üçün faydalı olan fəaliyyətdə tapır.
Ucalığı özündə ehtiva edən bir yaşantı və mə¬nəvi dəyər də ağsaqqal məqamıdır. Bəli, ağsaqqal - ke¬çilən ömür yolunun zaman məsafəsi ilə ölçülürsə, ağsaqqallıq isə keçilən yolun örnəkliyi ilə şərtlənir”.
Bu ışıqlı fikirləri büsbütün T. Əlibəylinin özünə də şamil etmək olar. Çünki şairin keçdiyi yolun məram, ziyalılığı bunu deməyə imkan verir. Bəli, Tapdıq müəllimi şəxsiyyət olaraq onun ziyalılığı şərtləndirir.
Tapdıq Əlibəyli haqqındakı düşüncələrimin ziyalı fonunda olmasına rəğmən ziyalı kredosu, ziyalı məfhumu ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirəm. Bu, bir həqiqətdir ki, xalqın içərisindən çıxıb ona xidmət göstərən ziyalı üçün fəaliyyət dairəsi məhdud olmur. Ziyalı yaratdığı zəngin mənəvi sərvətlə milii kimliyini bəşəri müstəvidə sərgiləmiş olur
Düzdür, ziyalıların formalaşmaları, yetişmələri, öz vəzifələrini yerinə yetirmələri, ictimai, iqtisadi, siyasi və mədəni fəaliyyət sahələrində fəal rol oynaya bilmələrinin özü də mövcud siyasi rejimdən, ictimai quruluşdan çox asılıdır. Bununla belə xalq, millət qarşısında öz vətəndaşlıq borcunu dərk edən hər bir ziyalı, hər bir namuslu, vətənpərvər adam, yaşadığı siyasi şəraitin xarakterindən asılı olmayaraq, həmin borcunu ödəməyə çalışır, təzyiq və təqiblərə, hətta işgəncə və məhrumiyyətlərə mərdliklə sinə gərərək öz sözünü, düşüncələrini xalqına çatdırmaq üçün müxtəlif üsullardan, müxtəlif vasitələrdən istifadə edir.
O xalq, o millət xoşbəxtdir ki, onun həqiqi ziyalıları var, onun taleyi ilə maraqlanan, gələcəyini düşünən, tərəqqisi, inkişafı, yüksəlişi yolunda canını fəda etməyə hazır olan yetirmələri vardır.
ZİYALI ÖMRÜ
Özünün xalqa, onun qüdrətinə, vətənpərvərliyə, humanizmə sevgisini, ədalətsizliyə, haqsızlığa nifrət hissini başqalarına da təlqin edəndir ziyalı. Özünün elm, bilik, mərifət nurundan cəmiyyət üçün qaranlıq olan nöqtələri işıqlandırmağa sərf edir ziyalı. Sözün həqiqi mənasında, ziyalı xalqa, vətənə, millətə aid hər bir işdə qabaqda getməli, kütləni ardınca aparmağı bacarmalıdır. Qanında, canında vətən eşqi, xalq, millət məhəbbəti olan, bu eşqi, sevgini hamıya paylamağa, hamının qəlbini bu məhəbbət nuru ilə işıqlandırmağa, bu sevginin hərarəti ilə isitməyə çalışandır ziyalı.
Məlumdur ki, cəmiyyətin, millətin, hər hansı bir xalqın mədəniyyəti onun mənəviyyatı ilə sıx bağlıdır. Mədəniyyət mənəviyyatı özündə parlaq və təhrifsiz əks etdirən aynadır. Mənəviyyatın paklığı, parlaqlığı, zənginliyi, dolğunluğu isə mövcud sisteminin xarakter və mahiyyətindən çox asılıdır.
Müdrikcəsinə deyilmiş bir ifadə var: “Ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir”. Çağdaş ədəbiyyatımızda öz dəst-xətti, orijinal yazı manerası ilə seçilən şair - publisist Tapdıq Əlibəyli belə ziyalılarımızdandır.
T.Əlibəyli Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açmış, ali filoloji təhsil almış, iyirmidən artıq kitab müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Heyrət” Ədəbi Birliyinin qurucusu və rəhbəri, “Konstitusiya” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktorudur.
Ədəbi yaradıcılığı “Qızıl qələm” media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid-mətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
Tapdıq Əlibəyli ilk növbədə sevilən bir Azərbaycan şairi kimi qəlblərdə özünə möhkəm yer qazanmışdır. Çünki o, həm vətəndaş, həm də şair kimi Vətənin onun üçün çox müəqəddəs olduğunu əməlləri və yaradıcılığı ilə sübuta yetirir. Vətən mövzusu şairin şeirlərinə zərrə-zərrə, damcı-damcı hopub. Şairin bu ülvi duyğularını, doğma Azərbaycana bəslədiyi səmimi məhəbbətini və sədaqətini onun müəllifi olduğu “Haqqa dayaq doğulmuşuq”,“Torpağın səsi”,“Ovqatımın aynası”, “Yol gedənindir”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zaman kecər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Sözün dan yeri” və sair kitablarında görməmək, duymamaq qeyri-mümkündür.
Tapdıq Əlibəyli “Müqəddəs torpaq-mübarək qə¬dəm” publisistik məqaləsində yazır: “Müqəddəslər sırasında, və¬təndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin do¬ğul¬du¬ğu, boya-başa çatdığı doğma yurddan, eldən, obadan baş¬layır. Bu əzəlilikdə bir paklıq, bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı, saflığı cilalayan gizli bağlar in¬sanın bütöv varlığına hakim kəsilir. İlkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır... Əzələ! İllah da bu işıqlı dü¬nyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda ...”.
Tanınmış şair Tapdıq Əlibəylinin poeziyası, publisistikası, üümumilikdə yaradıcılığı onu dərin kamallı, incə qəlbli, vətən, el-oba sevdalı söz sərrafı kimi səciyələndirilir.
Tapdıq Əlibəylinin müəllimi, yazıçı, jurnalist Kəyadulla Kərimlinin təbirincə desək: “Ana dilimizin poetik imkanlarından səmərəli istifadə etmiş, poetik detalları yerli-yerində işlətmiş və bunları xalqımızın etnoqrafiyası ilə vəhdətdə təsvir etmiş ədibimizin yaradıcılığında Qurani-Kərimdən qaynaqlanan şeiriyyət, poetik örnəklər xüsusi yer tutur. Ədəbi yaradıcılıq kontekstində T.Əlibəylinin poetik təlqinləri müxtəlif istiqamətli olmaqla yanaşı həm də mütəhərrikdir. Onun poetik təfəkkürü insanın özünüdərki çözən mətləblərlə bağlı qavrayışlardan keçir və bu qavrayışlar milli təfəkkür qaynaqlarına söykənir”.
Yüksək vətəndaşlıq ləyaqəti ilə ucalığa yüksəlmiş və ucalıqdan heç vaxt enməyən sevimli şairimiz T.Əlibəylinin hələ bundan sonra da yeni-yeni zirvələr fəth edəcəyini əminliklə söyləmək olar.

Qələmim - alın yazım,
Yazıya pozu yoxdu.
Özümə ayna sözüm,
Səfadan cəfa çoxdu.

Sözün cəfasını usanmadan çəkən şairimizə səfa diləyilə, 60 illik yubileyniz mübarəkdir, deyirəm!

CAVANŞİR NOVRUZOV,
Azərbaycan Respublikası
DİN-in Polis Akademiyasının şöbə rəisi,
polis polkovniki

ZİYALI ÖMRÜ