Rəsmi Bakı: Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb
12-09-2024, 09:34
Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Real Tv”yə müsahibəsində deyib.
O bildirib ki, sülh sazişi bütöv sənəddir: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.
A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: "Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".
Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.
Mənbə: https://memurtv.az/sosial/13562-resmi-baki-ermenistanla-sulh-sazishi-metninin-texminen-80-faizi-razilashdirilib.html