Məşəl Bakıya gəldi – bu yollar bağlı olacaq » Memur.az

Məşəl Bakıya gəldi – bu yollar bağlı olacaq

Məşəl Bakıya gəldi – bu yollar bağlı olacaq

Bakı 2015 birinci Avropa Oyunlarının məşəli iyunun 12-də keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl 5 gün ərzində Bakı şəhərində səfər edəcək. Bununla əlaqədar bir sıra yollarda nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, I Avropa Oyunları məşəlinin Bakı şəhəri üzrə marşrutu belə olacaq:

Məşəl bazar günü iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər bulvarına, Neftçilər prospektinə və Dövlət Bayrağı Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslübda Bakıya gətiriləcək. Sonra məşəl Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasına gətiriləcək.

Bazar ertəsi iyunun 8-də məşəl Bakı 2015 I Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman və Milli Gimnastika Arenaları, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkı daxildir.

Bakı 2015 məşəli çərşənbə axşamı iyunun 9-da bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən qədim İçərişəhərə səyahət edəcək. Məşəl UNESCO-nun Azərbaycan arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayında da olacaq.

Məşəlin növbəti səfəri çərşənbə günü iyunun 10-da Bakının mədəniyyət və memarlıq obyektlərinə - Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək.

Bakı 2015 məşəli cümə axşamı iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, I Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və 5 gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bununla əlaqədar 7 iyun tarixində saat 13:30-dan həmin günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi, Zərifə Əliyeva küçəsi və Rixard Zorge küçələrində, iyunun 6-dan 7-nə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-dən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə, habelə 10 iyun tarixində Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bülbül prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkpərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.