FHN Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib » Memur.az

FHN Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib

FHN Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin şəxsi heyəti, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov iştirak ediblər.

Əvvəlcə nazir Kəmaləddin Heydərov, nazirliyin əməkdaşları və tədbir iştirakçıları Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən K. Heydərov Heydər Əliyevin xidmətlərindən danışıb, SSRİ-nin dağılmasından sonra çətin vəziyyətlə üzləşmiş Azərbaycan uğrunda apardığı mübarizədən bəhs edib: "Mixail Qorbaçovun dəstəyi ilə erməni daşnaklarının, separatçıların 1988-ci ildən ölkəmizə təzyiqlər başlamışdı. Məqsəd Azərbaycan torpaqlarını ələ keçirmək idi. Sanki bilirdilər ki, SSRİ dağılacaq, ona görə də torpaqlarını qanunsuz olaraq bir az da geniləndirmək istəyirdilər. Heydər Əliyev kimi şəxsin SSRİ rəhbərliyindən getməsi onlara çirkin əməllərini həyata keçirməyə imkan verdi”.

Nazir ölkə daxilində isə bəzi qüvvələrin Heydər Əliyevin xalqın arasında olan nüfuzunun artmasını istəmədiyini bildirib: “Bakıda o vaxtkı rəhbərlik onun Azərbaycana gəlişini qısqanclıqla qarşıladı. Amma Heydər Əliyev hara gedirdisə, sadə inşanlar onu məhəbbətlə qarşılayır, ondan Azərbaycanın xilasını xahiş edirdilər. Sadə xalq Naxçıvana üz tutub, həm ziyarət edir, həm də onu ümid yeri kimi görürdülər. Düşünürdülər ki, Azərbaycanı, o cümlədən hər tərəfdən blokadada yaşayan Naxçıvanı gərgin vəziyyətdən yalnız o çıxara bilər. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda dalğalandı. Bu da Heydər Əliyevin adı ilə bağlı idi. Bunun simvolik mənası ilə yanaşı, həm də dərin kökləri var. Yaradıcıya, təbiət qanunlarına, tarixə inanırıqsa, bu, belə də olmalı idi”.

K. Heydərov hərbi kadrların yetişməsində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının parlaq nümunə olduğunu vurğulayıb.

Nazir Heydər Əliyevin ideyaları əsasında təməli qoyulan Azərbaycanın bu gün prezident İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlərə imza atdığını, uğurlar əldə etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Siyavuş Novruzov Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib.

Səyavuş Novruzov onu da deyib ki, son günlər bəzi qüvvələr, QHT-lər Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, ancaq onlar heç nəyə nail olmayacaqlar.