Əfqanıstanla Pakistan arasında noyabrın 6-da İstanbulda yeni görüş keçiriləcək
Sosial
31-10-2025, 02:29
8
"Report"un məlumatına görə, bu barədə Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda bildirilib.
"Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 25-30 oktyabr tarixlərində İstanbulda Türkiyə və Qətərin vasitəçiliyi ilə 18-19 oktyabrda Dohada Əfqanıstan və Pakistan tərəfindən razılaşdırılmış atəşkəs rejimini möhkəmləndirmək məqsədilə görüşlər keçiriblər. Bütün tərəflər atəşkəsin davam etdirilməsinə razılaşıblar. Əlavə icra üsulları noyabrın 6-da İstanbulda rəhbərlər səviyyəsində keçiriləcək görüşdə müzakirə ediləcək və müəyyən ediləcək", - bəyanatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla əvvəlki raundların məqbul nəticə verməməsindən sonra danışıqları bərpa etmək qərarına gəlib.
