Misir prezidenti: Fələstin Milli Administrasiyası Qəzza zolağına nəzarəti bərpa etməlidir » Memur.az

Misir prezidenti: Fələstin Milli Administrasiyası Qəzza zolağına nəzarəti bərpa etməlidir

Misir prezidenti: Fələstin Milli Administrasiyası Qəzza zolağına nəzarəti bərpa etməlidirFələstin Milli Administrasiyası (FMA) Qəzza zolağına nəzarəti bərpa etməlidir, o vaxta qədər anklav müstəqil mütəxəssislərdən ibarət xüsusi komitə tərəfindən idarə olunacaq.

“Report”un məlumatına görə, bu sözləri Ərəb Dövlətləri Liqasının (ƏDL) fövqəladə sammitinin açılışında ölkə prezidenti Əbdülfəttah Əs-Sisi deyib:

“Misir Fələstin hakimiyyəti ilə birlikdə Qəzzanın idarə olunması üçün xüsusi inzibati komitə yaradıb. Bu komitəyə yalnız lazımi peşəkar səlahiyyətlərə malik müstəqil mütəxəssislər daxil olacaq. Onlar Qəzza zolağında humanitar yardımın paylanması ilə məşğul olacaqlar”, - deyə o bildirib.

Misir prezidenti əlavə edib ki, ölkəsi Qəzzada asayişi təmin edəcək Fələstin təhlükəsizlik qüvvələrinin üzvlərini hazırlamaqla məşğul olacaq.

Misir lideri qeyd edib ki, Qahirə Fələstin hakimiyyəti ilə birlikdə Qəzza zolağının yenidən qurulması planını da hazırlayıb. Bu planda fələstinlilərin oradan çıxarılması nəzərdə tutulmayacaq. Sisi Misir layihəsinin təfərrüatlarını açıqlamayıb, lakin bütün sammit iştirakçılarını layihəni təsdiqləməyə və Qahirədə keçiriləcək Qəzzanın yenidən qurulması üzrə beynəlxalq konfransda fəal iştirak etməyə çağırıb.