İspaniyanın Azərbaycanda səfirliyi təsis edilə bilər » Memur.az

İspaniyanın Azərbaycanda səfirliyi təsis edilə bilər

İspaniyanın Azərbaycanda səfirliyi təsis edilə bilərAzərbaycan və İspaniya arasında hökumətlərarası komissiyanın və ya işçi qrupun yaradılması, İspaniya Krallığının Azərbaycanda səfirliyinin təsis edilməsi məsələləri müzakirə olunub.

“Report” xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniya Krallığına səfəri çərçivəsində İspaniya Parlamentinin Deputatlar Konqresinin İqtisadi məsələlər komitəsinin rəhbəri Selso Luis Delqado Ars və Sənaye, ticarət və turizm komitəsinin rəhbəri Xuan Kapdevila ilə keçirilən görüşdə aparılıb.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdıran E.Əliyev ispan parlamentarilərə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti barədə məlumat verib, qarşılıqlı ticarət dövriyyəsinin həcminin bir milyard ABŞ dollarını aşdığını, İspaniyanın Azərbaycanın əsas 10 ticarət tərəfdaşından biri olduğunu vurğulayıb.

Bildirilib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün real imkanlar mövcuddur. Görüşdə, həmçinin, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

Deputatlar Konqresinin komitə rəhbərləri ölkələrinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, əlaqələrin daha da intensivləşdirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda Azərbaycanda İspaniyanın nümayəndəliyi fəaliyyət göstərir, viza üçün təqdim olunan müraciətlərə isə Fransa səfirliyi tərəfindən baxılır.