Tarix : 22-09-2022, 12:55 | Bölmə: Sosial

Ali Radanın deputatı: “Ukrayna xalqı dəstəyə görə Azərbaycana minnətdardır”“Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar. Bu, 2020-ci il sentyabrın 14-də təsdiq edilmiş Milli Təhlükəsizlik Strategiyasında, həmçinin iki ölkənin prezidentləri – İlham Əliyev və Volodimir Zelenski arasında 2022-ci il yanvarın 14-də imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyannamədə öz əksini tapıb”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Valeri Kolyux bildirib.

“Rusiyanın təcavüzü zamanı Azərbaycan Ukraynaya dəstək verib və bizim üçün mühüm əhəmiyyət kəsb edən humanitar yardım göstərib. Təkcə avqust ayına qədər onun həcmi 1700 tonu keçib və bu göstərici artmaqda davam edir. Buraya dərmanlar, şəxsi gigiyena vasitələri, uşaq qidaları, digər zəruri material və ləvazimatlar daxildir. Bütün bunlar Dnepropetrovsk, Vinnitsa, Çerkassı vilayətlərində yardıma ehtiyacı olan məcburi köçkünlər, o cümlədən Xarkov, Nikolayev və Zaporojye vilayətlərində Rusiya təcavüzünün qurbanları arasında bölüşdürülür”, - o vurğulayıb.

Ukraynalı deputat xatırladıb ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) artıq İrpen şəhərinin bərpasında iştirak edir və 12 nömrəli məktəbin binasının yenidən qurulmasını maliyyələşdirib:

“Azərbaycan həmçinin Axtırka, Çerniqov və Xarkovda mədəniyyət obyektlərinin bərpasında iştirak variantlarını nəzərdən keçirir”.

O söyləyib ki, digər mühüm məsələ Ukrayna Silahlı Qüvvələrinin sıralarında etnik azərbaycanlıların döyüşməsidir:

“Məsələn, mayın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski baş leytenant Kirill Ağasıyevı ən yüksək titulla - “Ukrayna Qəhrəmanı” fəxri adı ilə təltif edib. Təəssüf ki, Ukraynada azərbaycanlılar arasında ölənlər də var. Bu məqamda apreldə Mariupolun müdafiəsi zamanı həlak olmuş Rafael Ağayevin və iyulda Xersonun azadlığı uğrunda canından keçmiş Kərim Qulamovun xatirəsini yad etmək yerinə düşər”.

V.Kolyuxun sözlərinə görə, Ukrayna xalqı göstərdiyi dəstəyə, anlayışa və dərdinə şərik olduğuna görə Azərbaycan xalqına səmimi qəlbdən minnətdardır:

“Həqiqətən, dostlar dar gündə tanınırlar. Azərbaycan və azərbaycanlılar bizim dövlətimizə və ukraynalılara münasibətdə dostluq və tərəfdaşlığa sadiq olduqlarını bir daha təsdiq ediblər”.

O, Azərbaycan-Ermənistan sərhədində son erməni təxribatına münasibət bildirərkən deyib ki, rəsmi Kiyev Bakı və İrəvanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenliyə hörmət prinsipi əsasında siyasi-diplomatik nizamlanma yolu ilə getməsini dəstəkləyir:

“Ukrayna Azərbaycanla Ermənistan arasında münasibətlərin dövlətlərin suverenliyə qarşılıqlı hörməti əsasında tam və hərtərəfli normallaşmasında maraqlıdır”.

Oxşar xəbərlər