Bu gün, 14:00
Azərbaycanda məqsədli büdcə fondlarının ləğvindən sonra ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir.
"MemurTv.az " xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Qəbul edilmiş hüquq aktlarına əsasən məqsədli büdcə fondları, o cümlədən dövlət büdcəsindəki ekoloji fondlar ləğv edilir. Məqsədli büdcə fondlarının ləğvi dövlət vəsaitlərinin vahid büdcə çərçivəsində daha çevik idarə olunmasına və prioritetlər üzrə bölüşdürülməsinə imkan yaratsa da, əvvəlki fondların gəlir mənbələri ilə xərc istiqamətləri arasında əlaqənin müvafiq sahələr üzrə vəsait təminatının davamlılığını və onların istifadəsinə nəzarətin təmin olunması zəruri məsələlərdəndir. Hesab edirik ki, bu istiqamətdə gəlirlərin səfərbər edilməsi üzrə təşəbbüskarlığın artırılmasına da zərurət mövcuddur", - deyə o qeyd edib.
Bundan başqa, Palatanın sədri deyib ki, ekoloji qurumların əsas funksiyası yığım toplamaq yox, ekoloji nəzarət olmalıdır: "Yığım məsələsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yüksək inzibatçılığı, bu qurumla inteqrasiya vacibdir. Sonradan həmin vəsaitlərin proqram çərçivəsində ekoloji risk, təsir, bərpa prioritetləri üzrə bölüşdürülməsi və səmərəli xərclənməsi mümkündür".
Mənbə: https://memurtv.az/siyaset/20124-vuqar-gulmemmedov-ekoloji-vesaitlere-nezaret-guclendirilmelidir.html