Tarix : 1-07-2021, 18:36 | Bölmə: siyaset

İlham Əliyevdən Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə GÖSTƏRİŞ“Mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər”, - deyə dövlət başçısı əlavə edib.

Oxşar xəbərlər