Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir; ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir » Memur.az

Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir; ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir

Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir; ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir


Ali Baş Komandan İlham ƏLİYEV:
Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq.


1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Dövlətçilik atributu olan ordu quruculuğuna gərgin siyasi bir şəraitdə başlanıldı. Daxili qarşıdurmalar, hakimiyyət naminə əsassız mübarizələr, Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması bu prosesə təsir göstərirdi. Vətəndaş müharibəsi ehtimalı gerçəkləşəndə, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi.
Digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ilkin əsaslı islahatlar aparıldı, nizami ordunun formalaşmasına şərait yarandı. Bu, müstəqil Azərbaycanın ordu quruculuğunda Heydər Əliyev mərhələsinin başlanğıcı idi. 1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda qazanılan uğurlar Ilham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra daha da genişləndi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurucusu ümummilli liderimiz Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanıldı. Bu, Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsinin başlanğıcı idi...
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənib.
Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Nazirliyin istehsal etdiyi məhsulların 80 faizdən çoxu müdafiə təyinatlıdır. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparıldı, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" inamı ilə ordu quruculuğunun bütün parametrlərinin (maddi-texniki bazanın möhkəmləndirilməsi, ordu quruculuğunun ardıcıllıq və davamlılıq prinsiplərinin qorunması, yeni təfəkkürə malik zabit kontingentinin, ordu quruculuğu siyasətinin formalaşdırılması və s.) genişləndirilməsini, bu parametrlərin vəhdətini təmin etdi. Ordumuz qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərkərdəliyiylə Horadiz əməliyyatı (1994), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərkərdəliyiylə aprel döyüşləri (2016) xalqın qələbəyə inamını, ordu ilə xalqın birliyini, əsgər və zabitlərin döyüş əzmini təsdiqlədi. Hər iki əməliyyat Azərbaycanda ordu quruculuğunun uğurla aparıldığının təsdiqidir...
Atəşkəs haqqında razılıq olsa da Ermənistan buna əməl etmir, təmas xəttində müxtəlif miqyaslı təxribatlar törədirdi. Belə təxribatların qarşısını almaqla ordunu formalaşdırmaq müəyyən çətinliklər yaratsa da Ali Baş Komandanın çevik siyasəti ordu quruculuğu prosesinin dönməzliyini təmin etdi.
Düşmən qarşısında güclü ordu gördü. Istər beynəlxalq təşkilatlar, istər dünyanın konfliktologiya üzrə mütəxəssisləri, istərsə də erməni hərbi ekspertləri etiraf edirlər ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür. Bu gücün təminatçısı ordu quruculuğunun dövlət üçün əsas prioritet məsələlərdən olması, Ali Baş Komandanın orduya diqqəti və qayğısı, şəxsi nümunəsi, bilavasitə ordu quruculuğu prosesində formalaşan, inkişaf edən ordu ilə xalqın birliyinin dönməzliyidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. "Dünyanın ən qüdrətli ordusu da böyük ideyaların qarşısında duruş gətirə bilməz" - kəlamı Azərbaycanda da öz təsdiqini tapdı. Ulu Öndərin azərbaycançılıq məfkurəsi əsasında böyük ideyaları dövlətçiliyin başlıca qayəsi kimi davam etdirən, ordu quruculuğunu prioritet elan edən ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar aparılmağa başlandı. Müxtəlif təyinatlı taktiki təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasını təmin etdi. İndi Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur.
Ən müasir silahlarla, döyüş texnikaları ilə təmin edilən Silahlı Qüvvələrimizi peşəkar zabit kadrları ilə komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylərdə tədris proqramları yenilənib, zənginləşib ki, bu da zabit kadrları hazırlığının NATO standartlarına uyğunluğunu təmin edir.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəaliyyətə başlayan adyunktura ordu quruculuğunun elmi əsaslarla davam etdirildiyinə inandırıcı zəmanətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar baş tutmasa, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ölkə Prezidentinin bu qətiyyəti ordumuzun şəxsi heyətinin qələbəyə inamını daha da yüksəldib.
Son illərdə yeni hərbi hissələrin, hərbi şəhərciklərin istifadəyə verilməsi, Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən kütləvi vətənpərvərlik tədbirləri, Ali Baş Komandanın təmas xəttində, səngərlərdə zabit və əsgərlərlə söhbətləri şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Respublikamızın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə düşmənin atəş sahəsində olan kənddə olmuş, dağıntılara baxmış, əhali ilə söhbət etmişdi. Bu səfər, bu səfərdə əhali ilə söhbət ordu quruculuğu üçün vacib bir amilin - dövlət başçısının, Ali Baş Komandanın, müharibə şəraitində sərkərdənin şəxsi nümunəsinin təsdiqi idi. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən kütləvi vətənpərvərlik tədbirlərindən biri - "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri" də bu qənaətin təzahürü kimi dəyərləndirildi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin 72-ci sessiyasında çıxışı, müəyyən mənada, Azərbaycanın ordu quruculuğunun tərkib hissəsi idi.
Bakıda keçirilən "Dəniz Kuboku - 2017" yarışı da hərbi yönümlü beynəlxalq tədbir kimi tarixləşdi. İstər bağlanış mərasimində iştirakçı dövlətlərin rəsmilərinin, istərsə də beynəlxalq müşahidəçilərin təəssüratları Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin NATO standartlarına cavab verə biləcək səviyyədə kifayət qədər geniş imkanlara, potensiala malik olduğunu təsdiqlədi. Belə tədbirlər Azərbaycnda ordu quruculuğunun hansı mərhələdə və hansı səviyyədə olması haqqında rəy yaradır və bu rəy reallıqdır, qibtəediləcək rəydir.
2016-cı ilin aprel döyüşləri təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını kükrətdi, hər fərdi əsgərləşdirdi, Böyük qələbənin uzaqda olmadığını təsdiqlədi...
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "MSPO - 2017" sərgisində dediyi "Silahlı Qüvvələrimizin müasir ordular səviyyəsində silahlanması ilə bərabər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin də durmadan artırılması bu gün Azərbaycanda ordu rəhbərliyinin diqqət mərkəzindədir. Bu baxımdan hərbi bölmələrdə şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir və beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparılır. Azərbaycan hərbçiləri ardıcıl olaraq NATO və digər ölkələrin hərbi əməkdaşlıq planlarına əsasən keçirilən tədbirlərdə fəal iştirak edirlər. Ən müasir silahı da idarə edən insan beynidir, - deyimi də sübut edir ki, hərbi qulluqçular müasir silah və texnikaların istifadə qaydalarını mükəmməl mənimsəməyə borcludurlar" - fikri Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsini xarakterizə edir...
Ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaq". Bu, dövlətin ordu quruculuğuna münasibətini dəyərləndirən tezisdir və belə bir tezis Azərbaycan Ordusunun dünyanın böyük dövlətlərinin orduları səviyyəsində olacağına zəmanətdir...
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqla ordunu vətənpərvərliyin tələbləri səviyyəsində birləşdirdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi və rəhbərliyi ilə Müdafiə Nazirliyinin əsasnaməsi təsdiq olundu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu siyasətinin tərkib hissəsi kimi hərbi hissələrə döyüş bayrağı təqdim olundu...
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə xəritə bütövlüyünün bərpa ediləcəyi günün ərəfəsindədir. Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir; ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir...

Nasir Qurbanov
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsinin rəisi