Nazirlik və “ASAN Xidmət” arasında memorandum imzalanıb » Memur.az

Nazirlik və “ASAN Xidmət” arasında memorandum imzalanıb

Nazirlik və “ASAN Xidmət” arasında memorandum imzalanıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Oxu.Az-ın məlumatına görə, memorandumu nazir Sahil Babayev və Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.

Sahil Babayev bildirib ki, nazirliyin tabeliyində yaradılacaq “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, bu xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.

Nazir sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün “ASAN Xidmət”lə birgə “Yaşlı könüllülər” layihəsinin həyata keçiriləcəyini də vurğulayıb:

“Hazırda imzalanan memorandum bu istiqamətlərdə, eləcə də, müvafiq fəaliyyət sahələri üzrə könüllülük fəaliyyətinin təşkili və s. sahələrdə birgə fəaliyyətə, fəal əməkdaşlığa geniş imkanlar yaradır”.

Ülvi Mehdiyev qeyd edib ki, bu günədək “ASAN Xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 24 milyona çatıb:

“Vətəndaş məmnunluğu 98-100% arasında dəyişib. İmzalanan memorandum sosialyönümlü layihələrinin icrasında birgə əməkdaşlığa xüsusi töhfə verəcək”.

Memoranduma əsasən, sağlamlıq imkanları məhdud gənclərin “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, “ASAN həyat” komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Həmçinin, sosial xidmət müəssisələrində yaşayan insanların əmək bazarına qaytarılması, onların əməyinin stimullaşdırılması və digər sahələrdə əməkdaşlığın vacibliyi xüsusi qeyd olunub.

Ülvi Mehdiyev vurğulayıb ki, sağlamlıq imkanları məhdud gənclərin könüllülük fəaliyyətində iştirakına şərait yaradılması da birgə əməkdaşlığın əsas istiqamətlərindən olacaq.