Nazirlik tikinti şirkətini məhkəməyə verib » Memur.az

Nazirlik tikinti şirkətini məhkəməyə verib

Nazirlik tikinti şirkətini məhkəməyə veribEkologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nəsimi rayonu S.Rüstəm, H.Ələsgərov, X.Şuşinski və Q.Quliyev küçələrinin kəsişməsindəki məhəllədə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı köküstə yaş altı ədəd ağacın kökündən çıxarıldığı aşkar edilib.

Araşdırma zamanı ərazidəki yaşayış binalarının sökülərək yerində yeni binaların tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə 1,06 hektar torpaq sahəsinin “Grand Plaza” MMC-yə verildiyi məlum olub.

Söküntü işləri zamanı ağacların MMC tərəfindən çıxarıldığı müəyyən olunub, faktla bağlı akt və protokol tərtib edilib.

“Grand Plaza” MMC barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər müvafiq rayon Məhkəməsinə və rayon Polis İdarəsinə göndərilib.

Memur.az