Təhsil Nazirliyi: Müəllimlərin dərs yükü norması 18 saatdır və ona uyğun da əmək haqqı hesablanacaq » Memur.az

Təhsil Nazirliyi: Müəllimlərin dərs yükü norması 18 saatdır və ona uyğun da əmək haqqı hesablanacaq

Təhsil Nazirliyi: Müəllimlərin dərs yükü norması 18 saatdır və ona uyğun da əmək haqqı hesablanacaq

“Fevral ayında müəllimlər əlavələrlə artım olan əmək haqqını alacaqlar”

“Dövlət başçısının sərəncamı ilə müəllimlərin dərs yükünün artırılması dünya standartlarına uyğunlaşmaq baxımından əhəmiyyətlidir”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Əhmədov xatırladıb ki, 1992-ci ilə kimi Azərbaycanda müəllimin dərs yükü 18 saat müəyyənləşdirilib: “İşləyən müəllimlərin 1 stavka dərs yükü 18 saatla tarifləşdirilirdi. Müəllimlər üçün 1 stavka dərs üçün 18 saata nə qədər əmək haqqı düşürdüsə, 1992-ci ildən sonra 1 stavka üçün dərs yükü 12 saata endirildi. 1992-ci ildən bu günə kimi dərs yükü normasının azaldılması nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı və müəllim-şagird nisbəti fərqləndi. Bu da təhsildə müəyyən məsələlərə səbəb oldu”.


Nazirlik təmsilçisi onu da deyib ki, prezidentin bu sərəncamı müəllimlər üzərində də müəyyən öhdəliklər qoyur: “Bir məsələni qeyd edim ki, bu prosesdən sonra Bakı şəhərində müəllimin 6 saatdan az dərs yükü olmayacaq”.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qeyd edib ki, indiki halda müəllimlərin əmək haqqı onların təhsili və iş stajı ilə ölçülür. Onun sözlərinə görə, gələcəkdə isə differansial əmək haqqı sisteminin - nəticə yönümlü, rəqabət əsaslı sistemin yaradılması nəzərdə tutulur. Buna əsasən də artıq müəllimlərin əmək haqqına onların təhsili və bilik səviyyəsi deyil, müəyyən nəticələri də təsir edəcək. Hazırda bu istiqamətdə iş gedir”.

O qeyd edib ki, müəllimlərin dərs yükü norması və əmək haqqının artırılmasından sonra artımın nə qədər olacağı barədə hər hansı bir konkret rəqəm vermək mümkün deyil: “Hazırda müəllimlərin əmək haqqı üçün dərs yükü norması 18 saatdır və ona uyğun olaraq əmək haqqı hesablanacaq. Yanvarın 1-dən etibarən müəllimlər üçün yeni əmək haqqı hesablanacaq və fevral ayında müəllimlər əlavələrlə artım olan əmək haqqını alacaqlar”.

Dərs yükü normasının artırılmasının müəllimlərin ixtisarına səbəb olub-olmayacağına gəlincə, qeyd olunub ki, sərəncamda söhbət dərs yükünün rasionallaşdırılmasından gedir və bu gün hər hansı bir müəllimin ixtisarından söhbət getmir.

Təhsilin İnkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev qeyd edib ki, prezidentin sərəncamında müəllimlərin dərs saatının deyil, dərs yükü normasının artırılmasından söhbət gedir: “Bu o demək deyil ki, məcburi şəkildə bütün müəllimlərin dərs saatı artacaq. Dərs yükü normasının 12 saatdan 18 saata kimi artırılması nəzərdə tutulur. Buna uyğun olaraq müəllimlər artıq 1 stavkada 18 saat dərs yükü ilə işləyəcəklər. 18 saata əsasən müəllimlər 1 stavkanın 2/3 hissəsini işləmiş olacaq. Amma bu o demək deyil ki, müəllimlərin hamısının dərs yükü məcburi şəkildə 18 saata kimi artırılmalıdır. Müəllimlərin dərs yükünü tədricən artırmaq üçün gələcəkdə müxtəlif tənzimləmə vasitələrindən istifadə edilə bilər.
Son 1 il yarım ərzində görülən iş nəticəsində dərs saatlarının rasionallaşdırılmasına görə məktəblərdə şagird müəllim nisbəti 9:11 və ya 9:12-yə doğru azalıb. Ümumilikdə, əməkhaqqının artırılması çətin məsələdir. Müəllimlərin əmək haqqının artırılması zamanı müəllimin 1 stavka əmək haqqına düşən məbləğ artır. Bu da ancaq Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq. Regionlarda isə bu islahatı o zaman keçirmək mümkün olacaq ki, bunun üçün zəmin yaradılsın”.