Milli Məclisdə bələdiyyələrin illik fəaliyyətinə dair məruzə təqdim olunub » Memur.az

Milli Məclisdə bələdiyyələrin illik fəaliyyətinə dair məruzə təqdim olunub

Milli Məclisdə bələdiyyələrin illik fəaliyyətinə dair məruzə təqdim olunub

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında bələdiyyələrin illik fəaliyyətinə dair məruzə təqdim olunub.

APA-nın məlumatına görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Məruzədə bildirilir ki, 2016-cı ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan müraciətlər daxil olub, bələdiyyə aktlarının ekspertizası aparılıb: “Ümumilikdə, vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə əlaqədardır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların aralarında olub. Müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi başlanıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib. Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb”.

Məruzə ətrafında müzakirələr gedir.