Şəki bələdiyyəsinin kimdir? » Memur.az

Şəki bələdiyyəsinin kimdir?

Şəki bələdiyyəsinin kimdir?

"Belə çıxır ki, sədrin seçilməsi üçün yanvarın 27-də keçiriləcək iclas formal xarakter daşıyacaq"

Mərkəzi Seçki Komissiyası (MSK) bir neçə gün əvvəl dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunlarını açıqladı. Komissiya 43 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.

Bunun nəticəsində 8 bələdiyyədə - Arabaşlı (50-ci Abşeron-Qobustan dairəsi), Uzunboyat və Sadan (hər ikisi 54-cü Şabran-Siyəzən dairəsi), Musakuçə (70-ci Masallı şəhər dairəsi), Saqlaser (75-ci Lənkəran-Masallı dairəsi), Alpout (94-cü Bərdə kənd dairəsi), Soyulan (95-ci Tərtər dairəsi) və Nizami (96-1-ci Nizami-Naftalan dairəsi) bələdiyyələrində seçkilərin nəticələri ləğv edilib. MSK sədri Məzahir Pənahovun fikrincə, bir sıra sahə seçki komissiyalarının qəsdən və ya bilmədən öz öhdəliklərini qeyri-peşəkar icra etdiyi azsaylı xoşagəlməz hadisələri nəzərə almasaq, seçkilər yüksək səviyyədə təşkil edilib. O, 15-ci Yasamal birinci seçki dairəsinin 12-ci seçki məntəqəsinin seçki komissiyasının yenidən formalaşdırıldığını bildirib. "Namizədlərin qeydiyyatında heç bir problem olmayıb. KİV-in seçkiləri müşahidə etməsi əvvəldən sonadək sərbəst olub, bununla bağlı MSK-ya heç bir şikayət daxil olmayıb", deyə Pənahov bildirib.

İclasda MSK üzvü Akif Qurbanov "kütləvi qanun pozuntuları ilə əlaqədar" bələdiyyə seçkilərinin nəticələrini tamamilə ləğv etməyi təklif edib. Lakin son nəticədə seçkilərin nəticələri haqqında protokol 15 "lehinə" və 2 "əleyhinə" səslə qəbul edilib. Xatırladaq ki, 1607 bələdiyyədə 15035 yer uğrunda 37 min namizəd mübarizə aparıb. Qeyd edək ki, seçkinin yekun nəticələri açıqlanandan sonra bəzi rayonlarda icra başçıları öz namizədlərinin bələdiyyə sədri seçilməsi üçün hərəkətə keçiblər. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhər bələdiyyəsinin sədri postuna öz adamını yerləşdirmək istəyir. Bu barədə əməkdaşımızı məlumatlandıran mənbə bildirdi ki, başçının Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində görmək istədiyi şəxs İbadov Elşad Sirac oğludur: "Bələdiyyədə yanvar ayının 27-də sədrin seçilməsi məqsədilə iclas keçirilməlidir. Amma buna baxmayaraq, Elxan müəllim artıq bələdiyyə sədrini təyin edib. Başçının bu addımı bələdiyyə üzvlüyünə seçilən şəxslərin arasında narazılıq yaradıb. Onlar sədri heç bir kənar müdaxilə olmadan seçmək istəyirlər. Rayon rəhbəri isə deyir ki, Elşad İbadov bələdiyyə sədri olmalıdır vəssalam. Rayon rəhbərinin yerli özünüidarə qurumunun fəaliyyətinə və seçki prosesinə müdaxilə etməyə ixtiyarı yoxdur". Verilən məlumata əsasən, Elşad İbadov Şəkidə Elxan Usubovun ən yaxın adamlarından biri kimi tanınır: "O başçının sağ əli sayılır və icra hakiminin bu şəxslə bir sıra biznes layihələri var. Məlum olduğu kimi, ölkəmizdə bələdiyyə seçkiləri tam şəffaf şəkildə keçirildi. Bəzi nöqsanlar da oldu. İcra hakimi seçkinin şəffaflığına kölgə salmağa çalışır. Elşad İbadov rayonda böyük biznes şəbəkəsinə sahibdir. Bu yaxınlarda icra başçısı rayonda böyük "Sünbül" çörəkbişirmə sexi tikdirib. Sex faktiki olaraq Elşad İbadovun adınadır, amma başçıya məxsusdur. Çörək zavodu tikiləndən sonra rayonda bu bizneslə məşğul olan sahibkarların işi əməlli-başlı zəifləyib. Çünki icra başçısı bütün dükan və market sahiblərinə çörəyi ona məxsus sexdən almağı tapşırıb. Bundan başqa, Elxan Usubovla Elşad İbadovun şərikli "drabilkası" var. Ümumiyyətlə, başçının biznes obyektlərinin bir çoxuna məhz bu adam nəzarət edir. İcra hakimi onu bələdiyyə sədri vəzifəsinə qoymaqla müəyyən planlarını həyata keçirmək niyyətindədir. Həmçinin rayondakı dayaqlarını mökləmləndirir. Bir daha deyirəm ki, sədrin seçilməsi üçün iclas yanvar ayının 27-nə təyin olunub. Digər bələdiyyə üzvləri başçının sədr vəzifəsinə Elşad İbadovu qoyduracağı xəbərini eşidəndən sonra narazılıq etməyə başlayıblar. Çünki üzvlər arasında sədr kürsüsünə iddialı olan əsas namizədlər də var ki, onların arxasında yüksək vəzifəli məmurlar dayanıb. Bir sözlə, rayonda böyük gərginlik yaşanır. Yanvar ayının 27-də keçiriləcək iclasın nəticəsi bələdiyyə üzvlərinin ürəyincə olmasa, yəqin ki, əlaqədar dövlət qurumlarına şikayət ünvanlanacaq. Hər bir halda Elxan Usubov artıq öz namizədini sədr təyin edib. Yəni sədrin seçilməsi üçün keçiriləcək iclas formal xarakter daşıyacaq. Çox güman ki, Şəki şəhər bələdiyyəsinə bundan sonra başçının adamı rəhbərlik edəcək". Məsələ ilə bağlı Elxan Usubovun mövqeyini öyrənmək üçün Şəki İcra Hakimiyyətinin 02424 4 33 23 nömrəli əlaqə telefonuna gün ərzində dəfələrlə zəng vursaq da, dəstəyi qaldıran olmadı. İcra başçısı yazıya münasibət bildirmək istəsə, şərait yaratmağa hazırıq.
Hafiz Məmmədli