Sabir Rüstəmxanlının müxalifəti qınamasına siyasi partiyalardan cavab gəldi » Memur.az

Sabir Rüstəmxanlının müxalifəti qınamasına siyasi partiyalardan cavab gəldi

Sabir Rüstəmxanlının müxalifəti qınamasına siyasi partiyalardan cavab gəldi

Elman Fəttah: “Sabir Rüstəmxanlı “Gongo müxalifət partiyası”na aiddir”

Sərdar Cəlaloğlu: “YAP necə partiyadırsa, VHP də ondan fərqlənmir”


VHP sədri Sabir Rüstəmxanlı APA-ya açıqlamasında müxalifəti tənqid edib. Milli Şuranın parlament seçkisindəki boykot qərarına və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə haqq qazandıran siyasi partiyalar barədə VHP sədrinin səsləndirdiyi fikirlər müxalifət düşərgəsində narazılıqla qarşılanıb.

S.Rüstəmxanlı boykot qərarının düzgün olmadığını və seçkilərdə iştirakın vacib olduğunu qeyd edib: “Azərbaycanda boykotun mexanizmi yoxdur və özünü doğrultmur. Müxalifət düşərgəsindən digər partiyalar seçkiyə gedirsə, boykot bunu edən qüvvələrin özünə qarşı çevrilir, təcridlə nəticələnir. Bununla yanaşı, mən Milli Şuranın qərarlarına hörmətlə yanaşıram. Çünki hər qurum öz qərarında sərbəstdir”.

Avropa Parlamentinin qətnaməsinə də toxunan partiya sədri bildirib ki, ölkə daxilində Azərbaycana qarşı təzyiq edən qüvvələri dəstəkləyənlər var: “Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə necə sevinmək olar? Müxalifətin müəyyən qanadları Azərbaycana sanksiya tətbiq olunmasını arzu edir. Bu, xəstə psixologiya, antimilli düşüncədir. Hesab edirəm ki, indiki prosesdə bunları nəzərə alaraq, sabitliyin qorunması, normal seçkilərin keçirilməsi, dialoqun qurulması, hakimiyyət-müxalifət münasibətlərinin sabitləşməsinə çalışmaq lazımdır. Ölkənin, xalqın taleyi ortaya qoyulanda istər-istəməz hamı bir olacaq və kənarda dayananlar qınanacaq. Ona görə də hesab edirəm ki, Avropanın, bizi istəməyən qüvvələrin dəyirmanına su tökmək lazım deyil. Azərbaycanın möhkəmlənməsinə, seçkilərin normal keçməsinə çalışmaq lazımdır və əlbəttə ki, bu istək müxalifətlə yanaşı, iqtidarda da olmalıdır”.

Qeyd edək ki, Milli Məclisin sentyabrın 14-də Avropa Parlamentinin qərarları ilə bağlı keçirdiyi növbədənkənar sessiyada da VHP sədri bu cür fikirlər səsləndirmişdi. Onun fikirlərini sərt tənqid edən siyasilər S.Rüstəmxanlının növbəti dəfə parlamentdə ana müxalifət partiyası olmaq üçün narazılıq doğuran fikirlər irəli sürdüyünü iddia etmişdilər.
Müsavat başqanının müavini Elman Fəttah S.Rüstəmxanlının mövqeyinin daima hakimiyyətlə üst-üstə düşdüyünü qeyd etdi: “Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi tamamilə mövcud vəziyyəti əks etdirir. Ölkədə 80-dən artıq siyasi, 30-dan çox vicdan məhbusu var. O cümlədən, Müsavat başqanının üç müavini həbsdədir. Həbsdəki başqan müavinlərindən Fərəc Kərimlinin qardaşı da həbsdədir. Bir ailədən iki müsavatçı qardaş məhbəsdədir. Qətnamə baş verənləri özündə cəmləşdirən bir sənəddir.

Azərbaycanda baş verənlərə tamam obyektiv yanaşmadır. Sabir Rüstəmxanlının qətnamə ilə bağlı mövqeyinə gəlincə, burada təəccüblü heç nə yoxdur. Onun mövqeyi heç vaxt hakimiyyətin mövqeyindən fərqlənməyib. O, özü də müxalifət partiyasına aid olmadığını yaxşı bilir. Sabir Rüstəmxanlı “Gongo müxalifət partiyası”na aiddir. Bunu Azərbaycan ictimaiyyəti də yaxşı bilir. Bu baxımdan onun “vətənpərvərlik” siyasəti həqiqətə əsaslanmır. Onun hakimiyyəti müdafiə etməsi heç kəsə sirr deyil. Bir müddət əvvəl Müsavat Partiyasının Avropa Oyunları ilə bağlı bəyanatını xatırlayın. Ölkə başçılarını iştirakdan imtinaya çağırmışdıq. Üç gün sonra Avropa Birliyi bizə dəstək verdi. Bir çox ölkə başçıları gəlmədi. Sabir Rüstəmxanlı o şəxsdir ki, hakimiyyətin cinayətkar adlandırdığı məhbuslarla bağlı sənədə qol çəkib. Artıq heç kəs onu və partiyasını müxalifət kimi nəzərə almır. Hakimiyyət də belə qəbul edib. Sabir bəy də yəqin ki, özünü belə saymır”.

ADP sədri Sərdar Cəlaloğlu VHP sədrinin fikirləri ilə razılaşmadığını bildirdi: “Avropa Parlamentinin qərarı ilə birbaşa razılaşmaq mümkün deyil. Göstərilən yolun özü adevkat deyil. Azərbaycanda hüquqlar pozulur, insanlar həbsdədir. Təklif olunur ki, sanksiyalar olsun. Bu da hökumətə yox, xalqa təsir edir. Problemin çıxış yolu bu deyil. Azərbaycanda insanların hüquqlarını pozanların kifayət qədər xaricdə dostları var. İnsanların hüquq və azadlıqları bəzi insanların əlində silahdır. Nəticədə biz əzab çəkirik. Problem var, problemin qoyuluşu düzgün deyil. Avropa Birliyi ilə əməkdaşlıqdan sonra vəziyyətimiz pisləşdi. Çünki daha çox iqtisadi maraqlara əsaslanırlar. Bunlar bir oyundur. Çox təəssüf edirəm ki, özlərini bizim hüquqlarımızı qoruyan şəxslər kimi qələmə verən bəzi dostlarımız hüquqlarımızı pozurlar. Azərbaycan müxalifətinə Elçibəydən sonra ağsaqqallıq edən ikinci bir şəxs yoxdur. Sabir bəy yaxınlarına yol göstərə bilər. Bizə hər hansı bir yol göstərə bilməz. Onun partiyası ilə bəzi siyasi qurumların yolu bizdən çoxdan ayrılıb. Yap necə partiyadırsa, VHP-də heç ondan fərqlənmir bizim üçün. Yəni əməkdaşlıq baxımından deyirəm. Biz bir yerdə nadir hallarda olmuşuq. Azərbaycanda heç bir müxalifət partiyası qətnaməni müdafiə etmir. Biz heç o qərara münasibət bildirməmişik. Çünki əvvəlki bu cür qərarlardan sonra ortaya çıxan tələbləri görmüşük. Sabir bəyin parlament seçkilərində iştirakla bağlı fikirlərinə gəlincə, ona parlamentdə yaradılan şərait hansı quruma yaradılsa, ürəklə iştirak edər. Məsələn, Əli Kərimlinin heç ağlına da gəlmir ki, onun partiyasından kimsə parlamentə düşsün. Amma Sabir bəy bilir ki, özü də, yoldaşı da deputat ola bilərlər. Yaxşı olar ki, o, özü doğru bildiyi yolla getsin. Getdiyimiz yola isə, müdaxilə etməsin. Necə ki, biz demirik, bu necə müxalifətdir, Milli Məclisi ailə yerinə çevirib. Biz xalqın maraqlarından çıxış edirik. Sabir bəy hansı addımı atırsa, onunla gedə bilməyə məcbur deyilik. Müsavat, AXCP və bizim başımıza gətirilənlər onun başına gətirilsə, getdiyimiz yolu o da gedər. Necə ki, 90-cı illərdə başı yarılan şəxslərdən biri də Sabir bəy idi”.