YAP-ın siyahısı açıqlandı, seçki bitdi – FAKTLAR danışır » Memur.az

YAP-ın siyahısı açıqlandı, seçki bitdi – FAKTLAR danışır

YAP-ın siyahısı açıqlandı, seçki bitdi – FAKTLAR danışır

Bölgələrdə "müxalifətsiz seçki" taktikasına start verildi

Musavat.com xəbər verir ki, 16 sentyabr 2015- ci il tarixində “Azadlıq- 2015” siyasi partiyalar blokuna daxil olan partiya sədrlərinin və seçki qərargahının növbədənkənar birgə iclası keçirilib. İclasda seçkiləri gedişi ilə bağlı ümumi siyasi vəziyyət müzakirə edilib.

Seçki Qərargahının məlumatına görə, dairələrdə namizədlərin qeydə alınması ilə bağlı situasiya bu gün kəskin şəkildə pisləşib. İcra hakimiyyəti orqanları kütləvi şəkildə blokun səlahiyyətli nümayəndələri , irəli sürülmüş namizədlərə, onların ailə üzvləri, qohumları və s. qanunsuz yollarla təzyiqə başlayıb. Son bələdiyyə seçkilərindəki vəziyyət eyni ilə təkrar olunur. Məqsəd hər cür vasitələrdən istifadə edərək yerlərdə hakimiyyət üçün “problemsiz”, şikayətsiz, “skandalsız”, müşahidəçisiz, müxalifətsiz seçki mühiti yaratmaqdır. Bunun üçün isə elə birinci etapdaca “narahat” namizədləri qeydə almamaq xətti götürülüb. Üsul isə namizədin seçkilərdə iştirakdan imtinasına nail olmaq forması olaraq seçilib. “Azadlıq 2015” seçki situasiyasının kəskin pisləşməsinin YAP- ın siyahısının açıqlanması ilə üst- üstə düşməsinə diqqəti cəlb edir. Bununla əlaqədar qeyri - rəsmi şəkildə bu təzyiqlərin guya yuxarıların tapşırığı ilə edildiyinin söylənməsinə baxmayaraq, sifarişin əsasən məhz iqtidarçı namizədlərin və yerli icra hakimiyyəti orqanları tərəfindən reallaşdırılan özfəaliyyət olduğu güman edilir. İnandırıcı məlumatlar gəlir ki, məsələdə bəsit korrupsiya ciddi rol oynayır. “Azadlıq – 2015” göstərilən qanun pozuntularını hakimiyyət orqanlarının seçkiyə kobud müdaxiləsi kimi dəyərləndirərək, bunları pisləyir və bu rəzalətə son qoyulmasını tələb edir. Məlumatlara görə “narahat” namizədlərin sıradan çıxarılması sonrakı mərhələdə imzaların “müstəqil” ekspertlər tərəfindən etibarsız sayılması formasında ediləcək. Seçki Qərargahı hər bir faktı detallı şəkildə sənədləşdirir və bütün hüquqi vasitələrdən istifadə edərək, namizədlərinin hüquqlarının müdafiəsi üçün iş aparır.

Eyni zamanda iclasda bir sıra nümayəndələr tərəfindən belə şəraitdə seçkidə iştirakın mümkünsüzlüyü və bununla bağlı seçkilərdən çəkilmək ideyaları dinlənilmişdir. Bildirilmişdir ki, artıq bloka daxil olmayan bir sıra siyasi partiyalarda da bu mövzuda müzakirələr başlanmışdır və imtina qərarları presedenti vardır. Müzakirələrin gedişində seçkilərdə iştiraka davam tərəfdarlarının mövqeyinin daha üstün olduğu aşkarlanmış və məsələ səsverməyə gəlib çıxmamışdır. Eyni zamanda, iclasda seçkilərdə iştirak edən siyasi partiyaların yaranmış vəziyyətlə bağlı birgə toplantısını keçirmək barədə müraciətləri müzakirə edilmiş və qərara alınmışdır ki, bu istiqamətdə konkret təşəbbüs olarsa bu tipli tədbirlərdə iştirak məqsədəuyğun sayılsın.