“İnsanları seçki prosesinə kökləmək lazımdır” » Memur.az

“İnsanları seçki prosesinə kökləmək lazımdır”

“İnsanları seçki prosesinə kökləmək lazımdır”

“AĞ blok”un seçki hazırlıqları davam edir; digər qurumlarla danışıqlar davam edir
Bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı yaradılmış “AĞ blok”un 23 avqustdakı təqdimatı ilə bağlı xəbər vermişdik. Tədbirdən sonra blokun təqdimatı sosial şəbəkələrdə və mətbuatda maraqla qarşılanıb. Əsasən gənclərdən təşkil olunmuş “AĞ blok”un seçkilər və ondan sonrakı fəaliyyəti hər kəs də maraq doğurur.

“AĞ blok”un təsisçilərindən olan Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında digər partiyalarla daim əməkdaşlığın tərəfdarı olduqlarını bildirdi: “Real müxalifətlə, müxalif fikirli insanlarla hər zaman birgə fəaliyyətin tərəfdarıyıq. Bu istiqamətdə hazırda məsləhətləşmələr gedir. Görüşlərimiz də olur. Zamanında blokun hədəflərinə uyğun təkliflər gələcəksə, niyə də bir yerdə olmayaq? Əgər 10 dairədən namizədimiz varsa, 115 dairə üzrə namizəd dəstəkləmiriksə, nə mənası var? Yaxud bizim dairələrdə digər partiyalar namizəd irəli sürmürlərsə, bizi dəstəkləyirlərsə, nə ziyanı var? Niyə imtina etməliyik? Xalq və dövlətin mənafeyinə uyğun olan istənilən danışıqlarda varıq. İnsanları müxalifətdə saxlamaq fikrimiz yoxdur. Yetərincə müxalifətdə qalıblar. Lazım gələrsə, ümumi maraqlar naminə şəxsi ambisiyalarda güzəşt etmək lazımdır. Biz bu əhval-ruhiyyədəyik. ”Bizim kimi düşünməyən düşməndir" anlayışında deyilik. Kimin bizə necə münasibət göstərməyinin anlamı yoxdur. Kimisə düşmən, kimisə dost elan etməyəcəyik. Belə məsələlərdə kimliyindən asılı olmayaraq, seçim qarşı tərəfdə olacaq".

T.Abbaslı blokda təmsil olunan partiyalardan da danışdı: “Hazırda üç partiyadan nümayəndələr var. Müsavat, Ümid və KXCP. Elə fəaliyyət göstəririk ki, hansısa partiyanın namizədi olan şəxs bizim də namizəd olsun. İnsanları seçim qarşısında qoymağın tərəfdarı deyilik. Gələcəkdə blokda təmsil olunan namizədlərin sayı arta da bilər. Hazırda təkliflər var. Seçkilərə az müddət qaldı. “AĞ blok"da artım yaxud, azalma olacaqsa, ictimaiyyətə çatdıracağıq. Burada daha çox rəqəmlərə önəm verməyin tərəfdarı deyiləm. Əsas proses önəmlidir. İnsanları seçki prosesinə kökləmək lazımdır. Xalqın seçkilərdən, ümumi proseslərdən uzaq olmaları, ilk növbədə, müxalifətin zərərinədir. Hakimiyyət resursları hesabına istənilən prosesi apara bilir. Xalq narazı kəsimin tərəfdarı olmalıdır. Biz də proseslərin canlandırılmasının tərəfdarıyıq. Biz bu gün təqdimat keçiririksə, sabah da başqa bir siyasi qurum tədbir keçirsin. Yəni, canlanma olsun. İnsanlar proseslərə qoşulduqda, hər şeyə gedəcəklər. Əks təqdirdə, evdə oturacaqlar. Biz də bu hakimiyyətin idarəçiliyində yaşamalı olacağıq".

“AĞ blok”un təmsilçisi rəsmi elan olmasa da, qurum olaraq təbliğata start verdiklərini bildirdi: “Təqdimat olduğu gündən hazırlıqları sürətləndirmişik. Proses davam edir. Siyasətin əsasını təbliğat təşkil edir. Bu yoxdursa, demək, səmərəsi yoxdur. Özümüzü təqdim etməyi bacarmalıyıq. Mənə elə gəlir ki, işlərimiz bu istiqamətdə normal gedir”.