Tarix : 14-09-2022, 00:48 | Bölmə: siyaset

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edibSentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb.

Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər