FIFA prezidenti Rövnəq Abdullayevdən “Qarabağ”a təbrikini çatdırmasını xahiş etdi  » Memur.az

FIFA prezidenti Rövnəq Abdullayevdən “Qarabağ”a təbrikini çatdırmasını xahiş etdi 

FIFA prezidenti Rövnəq Abdullayevdən “Qarabağ”a təbrikini çatdırmasını xahiş etdi “Qarabağ”ı 2021/2022-ci il mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm”.

Oxu.Az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda “Qarabağ”ın növbəti dəfə Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrikini çatdırarkən bildirib.

İsveçrəli funksioner məktubunda bunları vurğulayıb: “Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə qazanmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”. 

İnfantino eyni zamanda AFFA prezidentinə də təşəkkürünü bildirib: “Sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Qarabağ” mayın 3-də “Sabah”la 1:1 oynayaraq sona üç tur qalmış doqquzuncu çempionluğunu rəsmiləşdirib.