Əliyevin Türkiyə səfəri: Bakı və Ankara birgə müdafiə mexanizmini gücləndirir - TƏHLİL » Memur.az

Əliyevin Türkiyə səfəri: Bakı və Ankara birgə müdafiə mexanizmini gücləndirir - TƏHLİL

Əliyevin Türkiyə səfəri: Bakı və Ankara birgə müdafiə mexanizmini gücləndirir - TƏHLİLPrezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.

İlham Əliyev Antalya Diplomatiya Forumunda iştirak edəcək.

İlham Əliyevin səfəri postsovet regionunun xüsusi həssas zəminlərə ayaq basdığı zamana təsadüf edir, bu mənada dövlət başçısının keçirəcəyi görüşlərdə Rusiya-Ukrayna münaqişəsinin həllinə dair müzakirələrin aparılacağı gözlənilir.

Azərbaycanla Türkiyə diplomatik-siyasi səylərini səfərbər edir ki, Rusiya-Ukrayna müharibəsi sülh yolu ilə tənzimlənsin. Ancaq Ukrayna müharibəsinin nəticələri nə olursa-olsun Bakı-Ankara ikilisi birgə strateji müdafiə qabiliyyətini gücləndirmək niyyətindən vaz keçməyəcək.

Azərbaycanla Türkiyənin münasibətləri strateji müttəfiqlikdən də üstün mahiyyət və xarakterə malikdir, Şuşa Bəyannaməsi isə bu müttəfiqliyi əbədi edən sənədə çevrildi.

Azərbaycanla Türkiyə qarşılıqlı müdafiə mexanizmləri ilə bir-birinə həm siyasi, həm diplomatik, yeri gələndə isə indiki dövr üçün hərbi təyinatlı dəstək verir.

Rəsmi Bakı isə regional yaraların öz sərhədinə qədər metastaz verməməsi üçün əlindən gələni edir və Ermənistanın kiminsə qabığına girib Azərbaycana qarşı fürsətcil davranış sərgiləməsinə imkan vermir.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra da Cənubi Qafqazdakı postmünaqişə dövrünün çağırışları Azərbaycan-Türkiyə əməkdaşlığının yeni səviyyəyə çatdırılmasını zəruri edir.

Bu mənada Ərdoğan-Əliyev təmaslarında həmin məsələlər ətrafında yeni planların cızılması üçün tezislər müzakirə edilə bilər.

Azərbaycan-Türkiyə müttəfiqliyi Zəngəzur dəhlizinin açılmasını labüd hala gətirir, bu dəhliz Bakı ilə Ankaranın perspektiv strateji yanaşması üçün münbit platformadır.

Ancaq bu platformaya zədə vermək istəyən qüvvələr mövcuddur, burada Azərbaycan və Türkiyənin əlinə böyük iqtisadi-siyasi rıçaq verməmək planları dayana bilər.

Ona görə də Azərbaycanla Türkiyə hərbi əməkdaşlığı daha da dərin qatlara endirmək niyyətindədir və hazırkı mərhələdə qarşılıqlı hərbi yardım halında hansı addımların atılacağı mexanizmləri müzakirə edilir.

Bu, həm Azərbaycanı, həm də Türkiyəni təhdidlərdən qoruyan çevrələri müəyyən edir, Ankara isə Cənubi Qafqazda hərbi iştirak səviyyəsini artırmaqla regional təhlükəsizliyin sabitliyinə töhfəsini əsirgəmir.

Bakı ilə Ankaranı Ukraynadakı müharibə məsələsində yaxınlaşdıran digər nöqtə birgə enerji layihələridir, bu gün Cənub Qaz Dəhlizi layihəsi (TANAP və TAP-dan ibarətdir) Azərbaycan qazını Avropa bazarlarına çıxarır.

İndi Qərb siyasətçiləri və Qərbin iqtisadi arxitekturasını yeni düzənə uyğunlaşdıran strateqlər Azərbaycan qazını şaxələndirmək niyyətindədir, Ukraynada müharibə davam etdikcə isə bu, qaçılmaz təbii ehtiyaca çevrilir.

Azərbaycanla Türkiyə qlobal siyasətdə də müdafiə zolağı yaratmaq üçün əlindən gələni edir, söhbət Türk Dövlətləri Təşkilatından (TDT) gedir. Bakı və Ankara TDT-nin gündəliyini formalaşdıran dövlətlərdir və bu təşkilat çərçivəsində də əməkdaşlıqda yeni fazaların yaranacağı gözlənilir.

NƏTİCƏ:

1. Əliyev-Ərdoğan görüşü hər hansı dövlətə qarşı yönəlmədən bir çox sahədə, o cümlədən də hərbi sahədə əməkdaşlığı dərinləşdirəcək,

2. Bakı-Ankara tandemi geosiyasi oxda özünə qarşı gələ biləcək təhdidlərdən sığortalanan müdafiə xətti yaradır,

3. Azərbaycan və Türkiyə liderlərinin müzakirəsi Ukrayna münaqişəsinin həllinə də töhfə baxımından rol oynayır.