Rəsmi Bakı Ermənistan XİN-in “yaddaşını təzələdi” » Memur.az

Rəsmi Bakı Ermənistan XİN-in “yaddaşını təzələdi”

Rəsmi Bakı Ermənistan XİN-in “yaddaşını təzələdi”Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinə cavab verib.

“Ermənistan XİN-in yaddaşını təzələyirik. Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib”, - deyə Leyla Abdullayeva söyləyib.

O bildirib ki, Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə UNESCO missiyasının səfərinin qarşısını alıb.

“Bu fakt UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub.

Eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib.

Ermənistan son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, UNESCO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub.

Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.

Bütün bu qeyd edilənlər fonunda görünür Ermənistan XİN-i Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür.

Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik nümunəsidir”, - Azərbaycan XİN rəsmisi belə bildirib.

O, Ermənistan XİN-ə tövsiyə verib:

“Tövsiyəmiz budur ki, Ermənistan XİN ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın. Əksinə ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın”.