"Hədəf Bakıdır" filminin gənclər üçün eksklüziv nümayişi baş tutub » Memur.az

"Hədəf Bakıdır" filminin gənclər üçün eksklüziv nümayişi baş tutub

"Hədəf Bakıdır" filminin gənclər üçün eksklüziv nümayişi baş tutub

"Addım Gənclər Təşkilatı" və "Global Business Clinic" "Cinema Plus" kinoteatrlar şəbəkəsində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin eksklüziv nümayişini gerçəkləşdirib.

Memur.Az xəbər verir ki, faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerot (Robert Mugnerot), ideya müəllifi isə Faiq Bağırovdur. Tədbirdə gənclər, KİV nümyəndələri, sənət adamları iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən layihənin ideya müəllifi Faiq Bağırov filmin hazırlanma zərurətindən və bu prosesin maraqlı məqamlarından danışıb.

Daha sonra kinotənqidçi Eldəniz Cəfər film haqqında fikirlərini bölüşüb. "Addım"ın rəhbəri Hüseyn Cavadzadə isə gənclər üçün yaradılan bu şəraitə görə bütün təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra film nümayiş olunub.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. İlkin mərhələdə filmin mövzusu müxtəlif ölkələrin ekspertləri tərəfindən araşdırılıb.

Filmin təkcə HD formatına keçirilməsi, bərpası və rənglənməsi üç aydan çox davam edib. Hazırlıq işlərinə 100-dək insanın cəlb olunduğu filmin yaradılmasında “National Geographic” kanalının 10 əməkdaşı, həmçinin ayrı-ayrı ölkələrdən 45 nəfərlik heyəti yaxından iştirak edib.

Ümumilikdə, filmin təxminən 50 milyon tamaşaçı tərəfindən izlənilməsi gözlənilir. Film müharibənin ağrı-acısını yaşayan hər kəsin, həmçinin ön cəbhədə döyüşənlərin, arxa cəbhədə gərgin əməyi ilə böyük qələbədə payı olan insanların xatirəsinə ithaf edilir.

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

Qeyd edək ki, filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) şirkəti tərəfindən aparılıb. Bu şirkətin İkinci Dünya müharibəsindən bəhs edən digər filmini – “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.

Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi mayın 8, 9 və 10-da “National Geographic” kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya, Sloveniya, Balkan ölkələri, Afrika ölkələri, Yunanıstan, Çexiya və digər yerlərdə nümayiş etdirilib.

Sonda xatirə fotoları çəkdirilib.