Böyük vətəndaş, alim və ziyalı » Memur.az

Böyük vətəndaş, alim və ziyalı

Böyük vətəndaş, alim və ziyalı

Bu günlərdə milli filologiyamızın görkəmli nümayəndəsi akademik Bəkir Nəbiyevin anadan olmasının 85 illiyi təntənə ilə qeyd edildi.

Bu münasibətlə alim haqqında "Vətəndaş, alim, ziyalı" (Bakı, 2015) kitabı da dərc edildi. Bu yaxınlarda isə Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə bağlı bu görkəmli alimin xatırlanması da təsadüf deyildi; ədəbiyyatşünas alim özünün sonuncu fundamental tədqiqat əsəri olan "Üzeyir Hacıbəylinin ömürnaməsi" kitabı ilə adını böyük bəstəkar, publisist Üzeyir Hacıbəylinin adı ilə birgə yazdırıb. Onun adı yalnız Üzeyir Hacıbəyli deyil, Azərbaycanın bir çox klassikləri ilə bağlıdır; Firudin bəy Köçərli, Əhməd Cavad, Almas İldırım, Xəlil Rza və başqa onlarla klassiklərin həyatı və yaradıcılığının üzə çıxarılması, tədqiqat əsərlərinin yazılması məhz Bəkir Nəbiyevin adı ilə bağlıdır. Bu kitabların hər biri ədəbi mühitə onsuz da məlumdur. Onları həm də Bəkir Nəbiyevin özünün ömürnaməsi hesab etmək olar. İstər "Üzeyirşünaslıq" silsiləsindən dərc edilən "Üzeyir Hacıbəylinin ömürnaməsi (fraqmentlər)" fundamental tədqiqat əsəri, istərsə də akademikin özünün həyatı və yaradıcılığı haqqında yazılan "Vətəndaş, alim, ziyalı" kitabları bizdə müəyyən assosiasiya doğurur. Dünənə qədər bir yerdə işlədiyimiz ədəbiyyatşünaslığımızın "sonuncu mogikanı"nın həm ölümündən sonra çap olunmuş "Üzeyir Hacıbəylinin ömürnamasi", həm də onun haqqında dərc edilən kitab onun çoxşaxəli fəaliyyətinə fərqli bir rakursdan baxmağı şərtləndirir. Akademikin ömrünün sonlarında Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət etməsinin özündə də müəyyən hikmət var. Burada Azərbaycan ədəbiyyatşünaslığında kifayət qədər araşdırılan Üzeyir Hacıbəylinin sənətinə, şəxsiyyətinə fərqli bir rakursdan nəzər salınır. Və yaxud yaxşı tanıdığımız Üzeyir Hacıbəylinin həyatının, şəxsiyyətinin, fəaliyyətinin tanımadığımız xarakterini üzə çıxarır. Bütün hallarda Bəkir Nəbiyevin ömrünün son akkordlarında Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməsinin nədənləri yox deyildir. Çünki bu böyük bəstəkarın, publisist və komedioqrafın ömür yolu yeni elmi üslubda öz əksini tapıb.
Akademik Bəkir Nəbiyev hər şeydən əvvəl bir tənqidçi və ədəbiyyatşünasdır; sələfləri Firudin bəy Köçərli, Abdulla Sur, Seyid Hüseyn, onlardan sonra gələn nəsil İsmayıl Hikmət, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim, eləcə də Həmid Araslı, Mir Cəlal, Feyzulla Qasımzadə, Mikayıl Rəfilinin yolunu uğurla davam etdirən bir elm adamıdır, necə deyərlər, çörəyi ədəbiyyatşünaslıqdan çıxmışdır. Lakin çox az bir ədəbiyyatşünasın gəldiyi bir mövqe qazanıb. Aydındır ki, ədəbiyyatşünaslar xalqın içində yazıçı və şairlər qədər geniş tanınmırlar. Onların yazdıqlarının tanınma dairəsi məhdud olduğundan şəxsiyyətləri də xalq tərəfindən o qədər də tanınmır. Lakin akademik Bəkir Nəbiyev burada istisna təşkil edir; bir tənqidçi, ədəbiyyatşünas olmasına rəğmən, bir şair, bəstəkar, rəssam qədər populyar olmuşdur. Özü də bu populyarlığın ömrü bəlkə də yarım əsr davam etmişdir. Əslində akademik Bəkir Nəbiyevin xalq arasında nüfuzunun bu qədər yüksək olması onun ədəbiyyatşünaslığa qazandırdığı statusdan irəli gəlirdi. O, ədəbiyyatşünaslığı yeni bir mərhələyə daşıdı, elmlər arasındakı nüfuzunu qaldırdı, cəmiyyətdəki mövqeyinə yeni status verdi. Bu gün cəmiyyətdə Bəkir Nəbiyevin özünəməxsus portret cizgiləri formalaşıb; bu cizgiləri ədəbiyyatşünas alim illərlə yazdığı məqalələr, apardığı tədqiqatlar, etdiyi məruzələr, çıxışlar sayəsində qazanıb. Klassik irsimizi, çağdaş ədəbiyyatımızı fasiləsiz araşdırması, yüksək səriştəliliyi, idarəetmə bacarığı, peşəkarlığı, bədii mətni dəyərləndirmə istedadı, obyektiv təhlilləri və s. keyfiyyətləri də onun obrazının yaradılmasında rol oynayan əsas faktorlardandır. Böyük ziyalı Firudin bəy Köçərlidən gələn böyük ziyalı, ədəbiyyatşünaslıq yolunu akademik Bəkir Nəbiyev uğurla davam etdirmişdir. Lakin Bəkir Nəbiyev yalnız ədəbiyyatşünaslıq arenası ilə məhdudlaşmayıb, cəmiyyətdə daha geniş mövqe qazanıb. Hələ heç bir ədəbiyyatşünas onun çatdığı bu ictimai zirvəyə çata bilməyib; akademik, Əməkdar elm xadimi, iki dəfə Respublika Dövlət mükafatı laureatı, "Şöhrət" ordeni və s. yalnız onun deyil, həm də ədəbiyyatşünaslığın qazandığı statusdur. Bəkir Nəbiyev, mən biləni, hələlik "İstiqlal" ordeni alan ilk və son ədəbiyyatşünas alimlərimizdəndir.
Akademik Bəkir Nəbiyev haqqında düşünərkən böyük bir düşüncə adamı, görkəmli alim, vətəndaş və ziyalı obrazları canlanır. Azərbaycan ədəbiyyatı, mədəniyyətinin elə bir hadisəsi olmamışdır ki, akademik Bəkir Nəbiyev özünün zəngin yaradıcılığında ona öz münasibətini bildirməmiş olsun. Sovet rejimi dövründən başlayaraq saysız məqalələrində milli düşüncəni, təfəkkürü yaşatması onu ədəbi, ictimai mühitdə çox tez tanıtmış və məşhurlaşdırmışdı. Hətta görkəmli alimin bu araşdırmalarına əsaslanaraq ədəbiyyatşünaslığımızın böyük bir dövrünü "Bəkir Nəbiyev epoxası" adlandırmaq mümkündür. İnanılmaz zəhmətkeşliyi, dərin zəkası, elmi erudisyası sayəsində çox tez bir zamanda yalnız ədəbiyyatşünaslıq yolunda deyil, ədəbi, ictimai fikir tarixində də özünə müəyyən yer tutmuşdu. Elm sahəsində ilk fundamental tədqiqat əsəri "Fürudin bəy Köçərli" (Bakı, 1963) monoqrafiyasının dərc edilməsi onun sonrakı uğurlarının başlanğıcı olur. Böyük ədəbiyyat tarixçisi, peşəkar tənqidçi haqqında olan ilk monoqrafiya sovet rejimin qurbanının həyatdakı və elmdəki bəraəti idi. "Süngüyə çevrilmiş qələm" (1970), "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" (Bakı, 1977), "Kamalın təntənəsi" (1981) monoqrafiya və kitabları isə özünün mövzu və problematikası etibarilə yeni bir sahəni əhatə edirdi. Tənqidçi böyük bir dövrün zəngin ədəbi nümunələrini poeziya, nəsr, dramaturgiya, publisistika baxımından elmi-nəzəri cəhətdən təhlil edirdi.
Akademik Bəkir Nəbiyev çağdaş ədəbiyyatın problemlərinə də biganə qalmır, dərc olunan əsərlərlə bağlı rəylər yazıb dərc etdirirdi. Onun "Müasirlik və sənətkarlıq uğrunda" (1966), "Tənqid və ədəbi proses" (1976), "Təzə izlər sorağında" (1979) kitabları dövrün ədəbi mühitində son dərəcə uğurla qarşılanmışdı. Tənqidçinin hər hansı bir əsəri təhlil edərkən obyektivlik meyarını əsas tutması, problemi elmi-nəzəri cəhətdən araşdırması onu ədəbi prosesdə ön mövqeyə çıxarmışdı. Bir tənqidçi kimi Bəkir Nəbiyev ədəbi prosesi yaxından izləyir, ədəbi hadisə və faktlara özünün gərəkən münasibətini bildirirdi. Bəzən tənqidçinin kəskin qələmi yazıçı və tənqidçi münasibətlərinin hələ tənzimlənmədiyi bir zamanda yazıçı, yaxud şairlər tərəfindən təpki ilə qarşılansa da, çox tezliklə tənqidçinin haqlı olduğu üzə çıxırdı. "Roman və müasir qəhrəman" (1987), "Özümüzdən başlayaq" (1990) kitablarında toplanmış məqalələr özünün vətəndaşlıq cəsarəti, tənqidi kəsərliliyi ilə seçilirdi. Bəkir Nəbiyev yaradıcılıq etibarilə həm bir ədəbiyyat tarixçisi, həm tənqidçi, həm də bir nəzəriyyəçi idi. Akademik Bəkir Nəbiyevin bir çox tədqiqatları unudulmuş, yaxud vətəndən didərgin düşmüş şairlərin yaradıcılığına həsr edilmişdi. Onun "Əhməd Cavad" (1993), mühacir şairlərimizdən olan Almas İldırımın yaradıcılığına həsr edilmiş "Didərgin şair" monoqrafiyaları Azərbaycan poeziyasının çağdaş klassiklərinin yaradıcılığına həsr edilən ilk fundamental araşdırmalar hesab oluna bilər. Çağdaş Azərbaycan şairi Xəlil Rza Ulutürkün yaradıcılığına həsr edilmiş "İstiqlal şairi" monoqrafiyası isə bu yaradıcı şəxsiyyətin ədəbi obrazını yaratmışdır. Ümumiyyətlə, Bəkir Nəbiyevin 60-dan çox monoqrafiya və kitabları, dərslikləri, 800-dən çox məqalə, resenziya, oçerk və müsahibələri dərc olunmuşdur ki, bütün bunlar onun alim ömürlüyünü yaşadan faktorlardır. Əsərlərinin rus, türk, fars, ingilis, çin və başqa dillərə tərcümə olunması isə milli ədəbiyyatşünaslığın coğrafiyasını xeyli dərəcədə genişləndirir.

Bəkir Nəbiyevin portret cizgiləri içərisində, şübhəsiz, onun idarəetmə bacarığı xüsusi qeyd edilməlidir. O, yaxşı bir ədəbiyyatşünas, tənqidçi olduğu kimi, həm də son dərəcə fenomenal bir elm təşkilatçısı idi. Aydın məsələdir ki, elmi düşüncə ilə onun idarəedilməsi bəzən üst-üstə düşmür. Yəni yaxşı alim olan birisi elmin təşkilində zəif nəticələr əldə edir. Elə Ədəbiyyat İnstitutunun tarixində bu cür hallar az olmamışdur, ancaq Bəkir Nəbiyevin İnstitutu idarəetməsi çox uğurlu olmuşdu. O, sanki bir qrossmeyster kimi şahmat taxtasını çox yaxşı görürdü; kimin hansı işi, necə görəcəyini, hansı işi kimə tapşıracağını öncədən bilirdi. Onun Nizami adına Ədəbiyyat İnstitutuna gəlişindən sonra bir canlanma yarandı, müzakirələr ciddilik qazandı, plan işləri, mövzular elmiliyi ilə fərqləndi. Dissertasiya müdafiələrində özünün danışığı, sərrast mühakimələri, xeyirxahlığı, ağıllı məsləhətləri, fikrinin obyektivliyi ilə yadda qaldı. Uzun illərdən bəri ağır daş kimi yerindən tərpənməyən altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabının 4 cildi nəşr edildi, sonrakı cildlər üzərində iş sürətləndirildi. Bəlkə yaşının, yaradıcılığının müdriklik çağı idi, ondandır, ancaq onu tanıyanlar, onunla onillərdir ədəbiyyat arenasında külüng çalanların hamısı xatirələrində, məqalə və söhbətlərində Bəkir Nəbiyevi məhz bu cür müdrik, ağsaqqal olaraq gördüklərini yazırlar.

Bəkir Nəbiyev həm də bir üslub ustası idi; onun məqalələri, tədqiqatlarını və monoqrafiyalarını oxunaqlı edən həm də onun özünəməxsus üslubu idi. Bu üslubda akademizmlə yanaşı, publisistika, esseizm də əsas yer tuturdu. Bəlkə də onun məqalələrini oxunaqlı, populyar edən, oxuculara sevdirən məhz bu amillər idi. Yazılarında fikrini çox aydın ifadə edir, tənqidlərini arqumentlərlə əsaslandırır, obyektivliyini daim qoruyub saxlamağa çalışırdı; ona görə də onun tənqidindən inciyənlər, narazı qalanlar olmurdu.

Bəkir Nəbiyev təbiətən təbii, xeyirxah olduğu qədər də müdrik bir insan idi, ünsiyyətcil idi. Təbiilik onun xarakterində idi, əməkdaşlara münasibətində dərhal özünü büruzə verirdi. Lakin xeyirxahlığı, ünsiyyətcilliyi tələbkarlığına heç vaxt mane olmurdu. Milli ədəbiyyatşünaslığın əlli ildən çox bir zaman kəsiyinin inkişaf mərhələsində Bəkir Nəbiyevin əvəzsiz xidmətləri olmuşdur. Bu xidmətlər onu böyük vətəndaş, alim və ziyalı mövqeyinə çıxarmışdır. Bəkir Nəbiyev onu tanıyanların yaddaşında həmişə bu mövqedə qalacaqdır.