Bu gün Üzeyir Hacıbəyli günüdü » Memur.az

Bu gün Üzeyir Hacıbəyli günüdü

Bu gün Üzeyir Hacıbəyli günüdü

Dahi bəstəkarın anadan olmasının 130 ili tamam olur


Görkəmli bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəyli 130 il əvvəl 18 sentyabrda dünyaya göz açıb. Atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri olub. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olub və onun Ağcabədidəki təsərrüfatına başçılıq edib. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəylinin musiqi istedadının formalaşmasında ailənin böyük rolu olub.

Üzeyir Ağcabədi rayonunda, ailənin digər uşaqları isə Şuşada andan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib, ona görə də ilin çox hissəsini orda keçirib. Şirinbəyim xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkib, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirinbəyim xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı rus-türk məktəbində alır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk muğamat müəllimi olub.

Üzeyir Hacıbəyli 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. O, seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub, Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb.

Ü.Hacıbəyli Rusiyada baş verən 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib. 1910-cu ildə Məleykə xanım Hacıbəyova ilə ailə həyatı qurub.

Üzeyir bəy Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlayıb.

Onun, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri dərc edilib. "Molla Nəsrəddin" jurnalında Üzeyir bəy Hacıbəyli məzəli imzalardan çox istifadə edib.
Ü.Hacıbəyli "Leyli və Məcnun" operası ilə Şərqdə opera sənətinin əsası qoyub.
Müsəlman şərqində ilk operetta da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir.

Üzeyir Hacıbəyli "Ər və arvad"dan sonra “O olmasın, bu olsun” adlı ikinci operettasını yazıb.

"Arşın mal alan" bəstəkarın üçüncü və sonuncu musiqili komediya əsəridir.
Bundan əlavə, Ü.Hacıbəyli orkestr əsərləri, romans, kamera-instrumental əsərləri və s. bəstələyib.

Qeyd edək ki, bəstəkarın 130 illik yubileyi münasibəti ilə müxtəlif təntənəli tədbirlər, festvallar keçiriləcək.

Üzeyir Hacıbəyli Azərbaycan dövlət himninin musiqi müəllifidir.